Vaşinqtondan Kremlə Alyaska MESAJI: Görüşdən əvvəl vəziyyət gərginləşdi

Təhlil

13.08.2025 14:56

“Ukrayna müharibəsi dayandırılmasa, ABŞ ilə Rusiya arasındakı qarşıdurma daha da dərinləşərək ciddi və radikal addımlara səbəb ola bilər”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O vurğulayıb ki, hazırda ABŞ ilə Rusiya arasındakı münasibətlər kifayət qədər gərgindir və davamlı olaraq yeni problemlər yaranır.

Analitik bu vəziyyətə əsas səbəbi kimi Rusiyanın aqressiv mövqeyini göstərib:

"Moskva kifayət qədər hərbi-siyasi resurslara malik olmasa da, bütün dünyaya meydan oxumaq niyyətindədir. Rusiya getdikcə zəifləyir, lakin Kremlin neoimperialist siyasəti ölkəni bütün dünya ilə qarşıdurma vəziyyətinə gətirib çıxarıb”. 

Ekspert əlavə edib ki, ABŞ-dən Rusiyaya müxtəlif formalarda mesajlar verilir. Onlardan biri də Alyaskadan buraxılan, naməlum yük daşıyan hava şarıdır. Bununla yanaşı, ABŞ daha əvvəl Böyük Britaniyada taktiki nüvə silahlarının yerləşdirilməsini təmin edərək, Moskvaya nüvə şantajından imtina etməsi barədə xəbərdarlıq edib. 

"Rusiya tərəfinin nüvə təhdidlərinə cavab olaraq ABŞ Prezidenti Donald Tramp iki nüvə silahlı sualtı qayığı Rusiyaya zərbə endirə biləcək mövqelərə göndərib. Bununla da Ağ Ev açıq şəkildə bəyan edib ki, ABŞ istənilən səviyyədə nüvə müharibəsinə hazırdır”, - deyə E.Xalidbəyli diqqətə çatdırıb. 

Qeyd edək ki, ABŞ ordusu avqustun 5-də “Arctic Edge 2025” hərbi təlimi çərçivəsində ölkənin Alyaska ştatından Rusiyaya doğru trayektoriya üzrə naməlum yük daşıyan isti hava şarı buraxıb.   

Xatırladaq ki, avqustun 15-də Donald Trampın Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüşü gözlənilir. 

Aysel Mətləb

tag: Elçin Xalidbəyli,Politoloq,ABŞ,Rusiya,Todaypress.tv,

photo