Aİ-dən çağırış: Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulacaq?

Təhlil

09.12.2025 18:01

Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Brüsselin tərəfdaşlarından anti-Rusiya tədbirləri dəstəkləməsini gözlədiyi barədə bəyanatla çıxış edib. O bu sözləri Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib. Erməni ekspert Qrant Mikaelyan isə Ermənistan iqtisadiyyatının Rusiya ilə əməkdaşlıqdan xeyli faydalandığını, bu əlaqələri kəsməyin axmaqlıq olduğunu deyib. Onun sözlərinə görə Ermənistan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağı zərərli hesab edir.


Maraqlıdır, Ermənistan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşula bilərmi və qoşulsa onu hansı risklər gözləyir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Sona Əliyeva bildirib ki, İrəvan Qərbin xətti ilə Moskvadan uzaqlaşır:


"Ermənistanın hazırkı hakimiyyəti, xüsusilə baş nazir Nikol Paşinyan, çox vaxt SOROS fondunun layihəsi kimi təqdim edilir. Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən Qərbin diktəsi ilə hərəkət etdiyi iddiaları da bu yanaşmanı gücləndirir. Fikrimcə, İrəvanın son dörd ildə Moskvadan uzaqlaşması birbaşa Avropanın təsiri ilə baş verib. Buna görə də Avropa İttifaqı və SOROS-un qəti qərarı olarsa, Ermənistanın növbəti dəfə Rusiyanın əleyhinə addım atması istisna deyil. Yəni İrəvan, Kremlə qarşı Qərbin bütün təşəbbüslərində “qoca qitə”nin yanında yer ala bilər".

Ekspert xatırladıb ki, Rusiya bir il əvvəl Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etmişdi, lakin Kremlin və rus kəşfiyyatının planı baş tutmamışdı. Analitikin fikrincə, indi növbə Paşinyandadır. O, bu situasiyanı Rusiyadan qisas almaq üçün fürsət kimi dəyərləndirə və Moskva ilə məsafəni daha da artıra bilər.

Sona Əliyeva sonda əlavə edib ki, sanksiyalar Rusiyanın sərmayələrini risk altına sala bilər:

 "Ermənistanın Rusiyaya qarşı mümkün sanksiyalara qoşulması Kreml üçün ciddi zərbə ola bilər. Söhbət Rusiyanın Ermənistana son 30 ildə yatırdığı iqtisadi sərmayələrin taleyindən gedir. Bu müəssisələrin əl dəyişdirərək Qərb biznes dairələrinin nəzarətinə keçməsi də real perspektiv kimi görünür". 

Jalə Rövşən

TodayPress TV

tag: Sona Əliyeva,Analitik,Aİ,Ermənistan,Rusiya,Todaypress.tv,