Milli Məclisdən AP-yə REAKSİYA: Azərbaycan kənar təzyiqləri qəbul etmir!

Təhlil

19.12.2025 17:04

“Milli Məclisin Avropa Parlamentinin (AP) 18 dekabr tarixli qətnaməsinə verdiyi reaksiyası tam əsaslı və prinsipial mövqenin ifadəsidir”. 

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O qeyd edib ki, sözügedən sənəd hüquqi mahiyyət daşımır, siyasi motivli, qərəzli və manipulyativ yanaşmanın məhsuludur:

“Yalan məlumatlar və saxta iddialar üzərində qurulan bu qətnamə Avropa Parlamentinin öz səlahiyyət hüdudlarını aşaraq Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmək cəhdidir. Konkret cinayət əməllərinə siyasi don geyindirilməsi hüququn aliliyinə açıq hörmətsizlikdir. Cinayət kim tərəfindən və hansı bəhanə ilə törədilməsindən asılı olmayaraq cinayətdir. Məhkəmə proseslərinə kənardan təzyiq göstərmək, qərarları əvvəlcədən siyasi mülahizələrlə şərh etmək Avropanın daim iddia etdiyi “demokratik dəyərlər”lə ziddiyyət təşkil edir. Bu yanaşma hüquqi dövlət prinsipini zəiflətmir, əksinə onu siyasi alətə çevirir”.

Politoloq bildirib ki, Azərbaycan suveren dövlətdir və öz hüquq-mühafizə, məhkəmə institutları Konstitusiya və milli qanunvericilik əsasında fəaliyyət göstərir. Heç bir beynəlxalq qurumun faktları təhrif edərək daxili hüquqi proseslərə qiymət vermək səlahiyyəti yoxdur. Avropa Parlamentinin bu cür sənədlərlə çıxış etməsi dialoqa yox, qarşıdurmaya xidmət edir və etimadı sarsıdır.

“Milli Məclisin bəyanatı göstərir ki, Azərbaycan kənar təzyiqləri qəbul etmir və hüquqi müstəvidə öz mövqeyini qətiyyətlə müdafiə edir. Bu mövqe emosional yox, hüquqa söykənən dövlət davranışıdır və ölkənin müstəqil siyasi xəttinin dəyişməzliyini bir daha təsdiqləyir”, - deyə T.İsmayılov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib. Milli Məclis isə Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir”

“Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir”.

Qiymət Mahir

tag: Tural İsmayılov,Politoloq,Milli Məclis,AP,Todaypress.tv,