Yermakın istefası Ukrayna üçün nəyi dəyişəcək? - ŞƏRH
Təhlil
29.11.2025 17:00
Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak rüşvət qalmaqalı fonunda istefa verib.

Bəs Volodimir Zelenskinin əsas dəstəkçilərindən sayılan Yermakın istefası prezidentin və Ukraynanın nüfuzuna necə təsir edəcək?
Politoloq Natiq Miri məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, Ukraynadakı korrupsiya qalmaqalı planlı şəkildə ortaya çıxıb və bu, Rusiya və ABŞ-nin birgə oyununun bir hissəsi kimi görünür.

“Sentyabr ayından bəri davam edən əməliyyatlar çərçivəsində Rusiya Donbass vilayətini tam işğal edə bilməyib. Strateji şəhərlər olan Pokrovsk, Mirnoqrad və Konstantinov ələ keçirilməyib. Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında üç dəfə müəyyənləşdirmə aparılıb, amma nəticələr uğursuz olub. Eyni zamanda, Rusiya qoşunları Donbass, Zaporojye və Xarkov istiqamətlərində intensiv hücumlar həyata keçirib. Hərbi təzyiq davam edərkən, Ukraynanın Enerji Nazirliyi ilə bağlı korrupsiya qalmaqalı da gündəmə gəlib”.
Ekspert bildirib ki, ABŞ diplomatlarının hazırladığı 28 maddəlik “sülh mətni” mediaya sızdırılıb və Zelenskiyə razılıq üçün az vaxt verilib.

“Lakin plan baş tutmayıb. Ukrayna sənəddəki bir çox müddəanın təhlükəsizliyə və suverenliyə zidd olduğunu açıqlayıb. Avropadakı lobbilər, İstəklilər Koalisiyası və NATO təsir qrupları hərəkətə keçib. Cenevrədə Ukrayna–Avropa Birliyi liderləri görüşüb və 28 maddəlik sənəd 19 maddəyə endirilib”.
Politoloq əlavə edib ki, korrupsiya qalmaqalında adı hallanan nazirlər dərhal istefaya göndərilib.
“Prezident Administrasiyasının rəhbəri Yermakın adı da qalmaqalda çəkildiyi üçün onun da istefası tələb edilib. Yermak istefa verərək hakimiyyəti kölgədən çıxarmaq məqsədi güdüb və hətta cəbhəyə yollanacağını bildirib”.
Onun sözlərinə görə, bütün bunlar Zelenskiyə edilən təzyiqləri yumşaltmaq məqsədi daşıyır:

“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya rəsmiləri ilə danışıqlarının mediaya sızdırılması daha böyük qalmaqal yaradıb. Sonradan məlum olub ki, ABŞ Ukraynaya verilməsi planlaşdırılan ATACMS raketlərindən imtina edib. Əgər Yermak və nazirlər istefa verirsə, bəs Uitkoff niyə istefa vermir? Bu, ABŞ-nin zəif nöqtəsinə çevrilərək Ukraynanın mövqeyini gücləndirib”.
Ekspert vurğulayıb ki, noyabrın 27-ə qoyulan son tarix aradan qaldırılıb və yeni sənəd üzərində danışıqlar davam edir. Hadisənin məhz indi, 28 maddəlik sənəd ortaya çıxanda baş verməsi təsadüfi deyil. Ukraynanın maraqları və hərbi dəstəyi davam edəcək. Ərazilərin Rusiya ərazisi kimi tanınması və NATO üzvlüyündən imtina kimi absurd tələblər qəbul olunmayacaq.
Nicat Osman
tag: Natiq Miri,Politoloq,Ukrayna,Yermak,Todaypress.tv,
