Moskvanın Cənubi Qafqaza “təsir ehtirası”: Azərbaycanın Rusiya vasitəçiliyinə ehtiyacı var?

Təhlil

15.10.2025 11:53

Rusiya, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. 

O qeyd edib ki, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına böyük əhəmiyyət verir və qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflərə dəstək göstərməyə hazırdır.

Maraqlıdır, Rusiya bu təşəbbüslə regionda vasitəçilik rolunu qorumağa, yoxsa itirilmiş təsirini bərpa etməyə çalışır?

Məsələni TodayPress TV-yə şərh edən politoloq Telman Nüsrətoğlu bildirib ki, Azərbaycanın milli maraqları və bölgədə yaranan yeni geosiyasi mənzərə tamam başqadır:

"Mənim fikrimcə, sülh sazişinin imzalanması üçün ən doğru məkan Azərbaycanla Ermənistanın müəyyənləşdirilmiş sərhəddidir. Bilirik ki, bu məsələ uğrunda böyük dövlətlər geosiyasi mübarizə aparırlar. Ancaq saziş tərəfsiz bir ölkədə, məsələn, Tbilisidə imzalana bilər. Tarixə də nəzər salsaq görərik ki, Xalq Cümhuriyyəti dönəmində Azərbaycan və Ermənistan arasında anlaşma Tbilisidə imzalanmışdı. Nəticə etibarilə, prosesin sərhəddə yox, Moskvada həyata keçməsi mənə görə doğru deyil".

Ekspert əlavə edib ki, vasitəçilik təklifləri artıq çox yersizdir:

"Mən deyərdim ki, artıq vasitəçiyə ehtiyac yoxdur. Çünki Azərbaycan və Ermənistan liderləri demək olar ki, bütün beynəlxalq tədbirlərdə görüşürlər, birgə müzakirələr aparılır, komissiyalar da birlikdə çalışırlar. Yəni bu mənada tərəflərin heç bir vasitəçiyə ehtiyacı olmadığını düşünürəm".

Jalə Rövşən 

TodayPress TV

tag: Telman Nüsrətoğlu,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.tv,

photo