Yaponiya-ABŞ ittifaqı dərinləşir: Çinə qarşı yeni xətt formalaşır?

Təhlil

29.10.2025 18:05

“ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinin əsas məqsədi Çin hegemonluğuna qarşı balans yaradan güc formalaşdırmaqdır”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov  bunu TodayPress TV-yə açıqlamasında deyib.


O, Trampın Yaponiyaya səfərini təhlil edib:

“Donald Trampın 5 günlük Asiya səfəri çərçivəsində Yaponiyaya getməsi, nadir torpaq metalları üzrə müqavilə imzalaması və yarımkeçirici istehsalı sahəsində Yapon şirkətləri ilə 490 milyard dollarlıq razılaşmalar əldə etməsi ABŞ üçün Çin asılılığından qurtulmaq baxımından mühüm addım hesab olunur.


Digər maraqlı məqam odur ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi Trampın Nobel sülh mükafatına layiq görülməsini təklif etdi, bu da Trampın onu açıq şəkildə tərifləməsinə səbəb oldu. Bundan başqa, Baş nazir ölkənin ümumdaxili məhsulunun 2 faizi həcmində hərbi xərclərin artırılmasını təklif etdi ki, bu da Tramp tərəfindən müsbət qarşılandı.


Eyni zamanda, o, Yaponiya konstitusiyasının 9-cu bəndinə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etdi. Bu dəyişiklik Yaponiya Silahlı Qüvvələrinin statusunu yüksəltmək və Sakit okean hövzəsində daha aktiv hərbi fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır”.

Ekspert əlavə edib ki, səfərin əsas məqsədi Çin hegemonluğuna qarşı balans yaradan güc formalaşdırmaqdır. Pekin artıq bu prosesdən narahatlığını gizlətmir. Bununla belə, Trampın Çindən nadir torpaq metallarına asılılığı aradan qaldırmaq istiqamətindəki səylərinin real nəticə verməsi üçün hələ bir neçə il vaxt tələb olunur.

Qeyd edək ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp Asiya turu çərçivəsində Malayziyadan Tokioya gəlib.

Tramp Yaponiya İmperatoru Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşüb. Tərəflər Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi-ticari məsələləri, o cümlədən Yaponiyanın ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə yatırması planını müzakirə ediblər.


İki ölkə arasında nadir metalların təchizatının təhlükəsizliyinə dair saziş imzalanıb. Sazişin məqsədi Çinin bu sahədə tətbiq etdiyi ixrac məhdudiyyətləri fonunda hasilat, emal və təchizat zəncirlərini möhkəmləndirməkdir.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Yaponiya,Çin,ABŞ,Todaypress.tv,