Minsk qrupu ləğv edildi: “Onların bu mövqeyi diplomatiya adına ləkə idi”
Təhlil
03.09.2025 17:35
“Siyasi-diplomatik müstəvinin də özünəməxsus silahları var. Onlardan ən önəmliləri səbir və təmkindir. Azərbaycan uzun illər Ermənistanla münaqişə prosesində məhz bu silahlardan istifadə etdi və lazım olan məqamda öz qəti sözünü dedi”.
Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, son dövrlərdə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi daha da aydın görünürdü. Bu qurum münaqişənin həllini təmin etmək əvəzinə, prosesi ləngidir və Ermənistanın maraqlarına xidmət edirdi:
“Azərbaycanın siyasi rəhbərliyi isə heç vaxt təslim olmadı. Əksinə, dəfələrlə bəyan edirdi ki, əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edəcək. Belə də oldu. Minsk qrupunun bəzi nümayəndələri, o cümlədən Anjey Kaspşik, hətta Rusiyadan Vladimir Kazimirov (1992-1996-cı illərdə Rusiyanın Minsk Qrupunda həmsədri olub) və ABŞ-dən diplomat Ceyms Uorlik açıq şəkildə Ermənistanın maraqlarını müdafiə edirdilər. Onların bu mövqeyi diplomatiya adına ləkə idi və bu ləkə heç vaxt silinməyəcək. Azərbaycan isə ədalətli mövqeyi ilə qalib gəldi, haqq savaşını dünya ictimaiyyətinə sübut etdi”.
Analitik bildirib ki, bugünkü vəziyyətdə əsas məsələ ondan ibarətdir ki, Azərbaycan beynəlxalq arenada da qalib mövqeyini qoruyur. Xüsusilə Vaşinqton görüşündən sonra müəyyən gərginliklər aradan qalxıb, amma hələ də texniki məsələlər mövcuddur. Bunların da uzlaşma yolu ilə həll edilməsi mümkündür.
“Bəzi dövlətlərin Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarını isə reallıqdan uzaq hesab edirəm. Çünki kommunikasiyaların açılması xalqlar və dövlətlər üçün faydalıdır. Yükdaşımalar, insanların sərbəst gediş-gəlişi və ticarət əlaqələri bütün tərəflərə qazanc gətirəcək. Azərbaycan pandemiya dövründə də sübut etdi ki, ən ekstremal şəraitdə belə öhdəliklərini vicdanla yerinə yetirməyə qadirdir. Əlbəttə, erməni tərəfi bundan sonra da müxtəlif təxribatlara əl ata bilər. Ancaq Azərbaycan diplomatiyası bu illər ərzində böyük məktəb keçib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin yaratdığı siyasi-diplomatik sistem bu gün ölkəmizin ən güclü dayağıdır. Azərbaycan məğlub deyil, bütün sahələrdə, o cümlədən diplomatiya müstəvisində qalibdir. Bizim hazırlığımız və təcrübəmiz qarşıda duran bütün sınaqlarda öz sözünü deməyə imkan verəcək. Bu da ən düzgün yol seçimi hesab olunmalıdır”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin - polşalı diplomat Anjey Kaspşikin fəaliyyətinə xitam verilib.
Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutub.
Töhfə Səməd
tag: Azərbaycan,Ermənistan,ATƏT,İlham Əliyev,Todaypress.tv,
