“Tramp çağırdı, amma…” — Netanyahunun Misirə gəlməməsinin səbəbi AÇIQLANDI!

Təhlil

14.10.2025 17:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edəcəyi təqdirdə Misir səfərindən imtina etməyə hazır olub.

Bu barədə “Ülke TV” telekanalının baş redaktoru Həsən Öztürk canlı efirdə məlumat verib.


Öztürkün sözlərinə görə, prezidentin təyyarəsi Şarm əl-Şeyxə uçarkən Ərdoğana Netanyahunun sammitə qatılmaq niyyətində olduğu barədə məlumat verilib. Rəcəb Tayyib Ərdoğan bundan sonra tərəfdaş ölkələrin nümayəndələrinə bildirib ki, əgər İsrail Baş nazirinin iştirakı təsdiqlənsə, dərhal Türkiyəyə geri dönəcək.

“Prezidentin təyyarəsi artıq eniş zolağına yaxınlaşmış, eniş şassiləri açılmışdı. Lakin son anda təyyarə yenidən yüksəlməyə başladı”, - deyə Həsən Öztürk bildirib.


Bir qədər sonra Misir hakimiyyətindən Ərdoğana Netanyahunun sammitdə iştirak etməyəcəyi barədə məlumat çatdırılıb. Bunun ardından prezident təyyarəsi dönüş edərək Şarm əl-Şeyx hava limanına enib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Vaşinqton tədbirdə əvvəlcə Netanyahunun iştirak etməyəcəyini açıqlayıb, məhz bundan sonra iştirakçı ölkələrin sayı artıb. Qəfil nə dəyişib ki, İsrailin Baş nazirinin Misirə gedəcəyi xəbəri yayılıb? Əgər bunu Trampın İsrailə səfəri ilə əlaqələndirsək, deməli, Tramp Netanyahunun sammitdə iştirakını istəyib və dəvət edib. O zaman belə bir sual da ortaya çıxır: Tramp bunu niyə istəyib?


Milli Məclisin deputatı Azər Allahverənov məsələni TodayPress TV-yə şərh edib.


Onun sözlərinə görə ki, Benyamin Netanyahunun Yaxın Şərq Sülh Sammitində iştirakı ABŞ Prezidenti Donald Tramp üçün siyasi baxımdan əlavə dividendlər gətirə bilərdi:

"Tramp indi özünü “sülh qurucusu” kimi təqdim etməyə çalışır və xüsusilə Yaxın Şərqdə sülh prosesinin başlanması onun üçün həm ərəb dünyası, həm də qlobal siyasət baxımından mühüm əhəmiyyət kəsb edir. O istəyərdi ki, ərəb ölkələrinin liderləri ilə birgə keçirilən sammitdə Benyamin Netanyahu da iştirak etsin. Bu, Tramp üçün həm siyasi, həm də imic baxımından ciddi dividend gətirən bir hadisə olardı. Digər tərəfdən, ABŞ bu prosesdə daha çox barışdırıcı rol oynamaq niyyətindədir və ərəb dünyası ilə İsrail arasında əlaqələrin dərinləşməsini istəyir. Bu istiqamətdə “İbrahim sazişləri” mühüm presedent sayılır — həmin razılaşmalar ərəb ölkələri ilə İsrail arasında çoxşaxəli əməkdaşlığın əsasını qoyub. Tramp bu coğrafiyanı genişləndirməkdə maraqlıdır. Buna görə də Netanyahunun sammitdə iştirakı həm özü, həm də ümumi sülh prosesi üçün status gətirə bilərdi. Çünki sammit zamanı Misir, Türkiyə, Qətər və ABŞ arasında Yaxın Şərqlə bağlı bir sıra mühüm razılaşmalar əldə olunub. İsrailin həmin prosesdə rəsmi səviyyədə təmsil olunması hüquqi baxımdan da önəm daşıya bilərdi".

Parlamentari, həmçinin Netanyahunun iştirakının prosesə mənfi təsir göstərə biləcəyindən də bəhs edib. Onun qənaətincə, bu, müəyyən gərginliklərə səbəb ola bilərdi:


"Sülh quruculuğu prosesi kifayət qədər həssas olduğundan, burada atılan addımlar son dərəcə ehtiyatla seçilir. Hazırda birinci mərhələdən — əsirlərin dəyişdirilməsindən söhbət gedir. Növbəti mərhələlərdə isə HƏMAS-ın silahlarının təhvil verilməsi, keçid idarəetmə sisteminin qurulması və digər mühüm məsələlər müzakirə olunacaq. Yəni qarşıda çoxşaxəli və mürəkkəb bir proses dayanır. Bu səbəbdən Netanyahu sammitdə iştirak etmədi — bu, məhz prosesə zərər vurmamaq məqsədi daşıyırdı. Tramp nə qədər istəsə də, bunun incəliklərini çox yaxşı anlayırdı.

Sammitdə təmsil olunanların əksəriyyəti Netanyahunun orada olmamasında maraqlı idilər. Nəticə etibarilə, sammit baş tutdu, bir çox liderlər iştirak etdi, gündəliyə səs verdi və Yaxın Şərqdə sülh quruculuğu prosesinə siyasi dəstək nümayiş etdirdi. İndi qarşıda Qəzzada bərpa və quruculuq işləri dayanır. Bir çox dövlətlər bu prosesdə iştirak etmək niyyətindədir. Hər biri öz resursları və təcrübəsi ilə bu işə töhfə verə bilər”.

A.Allahverənov Azərbaycanın bu kontekstdə xüsusilə diqqətəlayiq tərəfdaş sayıldığını vurğulayıb. Çünki işğaldan azad edilmiş ərazilərdə artıq beş ildir ki, böyükmiqyaslı bərpa və quruculuq işləri aparılır. Mina təmizlənməsindən tutmuş infrastruktur və şəhərsalma layihələrinə qədər Azərbaycan bu sahədə böyük təcrübə qazanıb. Bu təcrübə Qəzzada həyata keçiriləcək bərpa layihələrində də dəyərli ola bilər.


Deputat düşünür ki, zərurət yaranarsa, Azərbaycanın bu prosesdə iştirakına dair danışıqların aparılması mümkündür. Bundan əlavə, bölgənin enerji və infrastruktur təhlükəsizliyi məsələlərində də Azərbaycanın rolu artır.

“Azərbaycan artıq Suriyaya qaz ixracını təmin edir, eyni zamanda humanitar yardımlar vasitəsilə də prosesə fəal şəkildə dəstək verir. Görünür ki, Yaxın Şərqdə sülh quruculuğu prosesinə qoşulan dövlətlərin əksəriyyəti elə Azərbaycanın strateji tərəfdaşları və müttəfiqləridir — Türkiyə, ABŞ, İsrail və digərləri. Bu da Azərbaycanın regional siyasətində Yaxın Şərq istiqamətinin strateji önəmini bir daha göstərir”, - deyə parlamentari fikrini yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilib. Qəzza münaqişəsinə dair son illərin ən geniş tərkibli diplomatik toplantısı hesab edilən bu sammit ABŞ-nin  dəstəyi ilə keçirilib. Vaşinqton Yaxın Şərqdə təsirini bərpa etmək və bölgədə “yönləndirilmiş sülh” mərhələsinə keçidi təmin etmək istəyir.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Allahverənov,Deputat,Netanyahu,Misir,Todaypress.tv,