Politoloq: “Nə ABŞ, nə də Avropa bu istiqamətdə ciddi iradə ortaya qoyur”

Təhlil

10.09.2025 14:58

“Rusiyanın Polşa hava sərhədini pozması qısamüddətli reaksiyalara səbəb olsa da, real vəziyyəti dəyişməyəcək”.

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə şərh edərkən bildirib.

O vurğulayıb ki, Rusiyanın Polşa hava məkanını pozması və son günlər baş verən hadisələr təbii olaraq müəyyən gərginlik yaradıb. Lakin NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya getməsi real görünmür. Alyans bu istiqamətdə heç vaxt addım atmaz, çünki belə bir qərarın verilməsi ilk növbədə ABŞ tərəfindən olmalıdır.

“Hazırda ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri açıq-aşkar göz qabağındadır. Tramp Putinin atdığı addımlara, törətdiyi vəhşiliklərə ciddi reaksiya vermir. Sadəcə, narazılığını ifadə edir. Nə kəskin bəyanatlar verir, nə də konkret addımlar atır”, - deyə analitik diqqətə çatdırıb.

“Avropa ölkələri Rusiya qarşısında ehtiyatlı və qorxaq davranır”.

Onun sözlərinə görə, Rusiya bu cür aqressiv davranışlara davam edirsə, bu, birbaşa Qərbin, xüsusilə ABŞ və Avropa ölkələrinin passiv mövqeyi ilə bağlıdır. Bu davranışların qarşısını almağın ən təsirli yolu Ukraynaya dəstəyin artırılmasıdır. Lakin nə ABŞ, nə də Avropa bu istiqamətdə ciddi iradə ortaya qoyur. Avropa ölkələri Rusiya qarşısında ehtiyatlı və qorxaq davranır. 

Siyasi şərhçi təəssüf edərək bildirib ki, son günlər ABŞ-də bu mövqeyə yaxın davranış sərgiləyir:

“Tramp tez-tez Rusiyanın dünyanın ən böyük taktiki nüvə silahları arsenalına sahib olduğunu xatırladır. Rusiya isə bu reallığı bildiyinə görə Ukraynada heç nədən çəkinmədən şəhərləri bombalayır, dinc insanları və yaşlıları hədəfə alır. Bu vəhşiliklərin davam edəcəyi də təəssüf ki, qaçılmaz görünür”.

“Gec-tez Ukrayna bu şərtləri qəbul etməyə məcbur qalacaq”.

O, həmçinin hesab edir ki, Rusiyanın təklif etdiyi sülh planının əsas hissəsini artıq ABŞ qəbul edib. Onun sözlərinə görə, bu zaman Ukraynanın qarşısında təkcə Rusiya deyil, eyni zamanda Qərb də dayanır. Ukrayna şəhərlərinin dağıdılmasının bir məqsədi də Prezident Zelenskini həmin o “dırnaqarası” sülh planına razı salmaqdır. Görünən odur ki, gec-tez Ukrayna bu şərtləri qəbul etməyə məcbur qalacaq. Çünki yardım və dəstək günü-gündən azalır, o cümlədən Ukraynanın Rusiyaya layiqli cavab vermək imkanları məhdudlaşır.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə "Jeşuv-Yasenka", "Lyublin" beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb. Havaya təkcə Polşa qırıcıları deyil, digər NATO ölkələrinin də təyyarələri qaldırılıb. 

Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Aysel Mətləb

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,Avropa,Rusiya,Todaypress.tv,

photo