Deputat: "Dirçəliş ruhu Azərbaycanı Zəfərə aparan güc oldu”
Təhlil
17.11.2025 17:49
"Milli Dirçəliş Günü Azərbaycan xalqının yenidən milli özünüdərkinə qovuşduğu, milli məqsədlər uğrunda bir araya gəlib mübarizəyə başladığı tarixi bir gündür"
Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, 1990-cı il 17 noyabr qərarı Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi və milli dirçəlişin başlanğıcı oldu:
"1990-cı ildə Ulu Öndər Heydər Əliyev 17 noyabrda Naxçıvan Muxtar Respublikası Ali Sovetində mühüm qərar qəbul etdi. Bu qərarla Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı kimi Naxçıvanda ucaldıldı və Ali Sovetin adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu addım milli müstəqilliyimizə gedən yolun ən cəsarətli siyasi qərarlarından biri kimi tarixə düşdü".
Onun sözlərinə görə, bu tarixdən sonra milli kimlik gücləndi və dirçəliş ruhu ölkənin müdafiə iradəsinə çevrildi:
"Məhz həmin gündən sonra ölkədə tarixi yaddaşın bərpası, milli kimliyin güclənməsi və milli maraqlar uğrunda mübarizənin yeni mərhələsi başlandı. Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə yenidən qayıdaraq milli idealları dirçəltməyə başladı. Bu dövr eyni zamanda müharibəyə cəlb olunduğumuz bir mərhələ idi və milli dirçəliş ruhu torpaqlarımızın müdafiəsində milli iradə və qətiyyətin simvoluna çevrildi".
Deputat əlavə edib ki, 2020-ci il Zəfəri milli dirçəlişdən doğan birlik iradəsinin nəticəsi kimi yetişdi:
"Uzun illər davam edən mübarizədə xalqımız böyük sınaqlardan keçdi. Lakin milli dirçəlişin yaratdığı iradə və birliyə söykənərək, Azərbaycan yalnız 2020-ci il 10 noyabrda – 44 günlük Vətən müharibəsinin Zəfəri ilə arzuladığı məqama çatdı. Bu, xalqımızın əzmkarlığının, dözümlülüyünün və mübarizəsinin sona qədər davam etdiyini göstərir".
Parlamentari sonda diqqətə çatdırıb ki, bütün bu proseslər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dirçəliş ruhunun davamı idi. Məhz həmin ideyalar bu gün də öz nəticəsini verir: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həmin tarixi ruhun daşıdığı bütün ideallara qovuşmuş, müstəqilliyini möhkəmləndirmiş və milli dirçəliş yolunu tamamlamışdır.
Jalə Rövşən
tag: Milli Dirçəliş Günü,Milli Məclis,Hikmət Babaoğlu,Azərbaycan,Todaypress.tv,
