Azərbaycan UNESCO-da ÖZ SÖZÜNÜ DEYƏCƏK!
Təhlil
25.11.2025 16:49
Noyabrın 24-də Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin üzvü seçilib.

Maraqlıdır, Azərbaycanın UNESCO İrs Komitəsinə yenidən üzv seçilməsi ölkəmizin beynəlxalq imicinə hansı strateji üstünlükləri qazandırır və bu uğur gələcəkdə mədəni diplomatiya sahəsində hansı yeni təşəbbüslərə yol aça bilər?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, UNESCO Azərbaycanın mövcud və gələcək mədəni irs potensialını yaxşı tanıyır:
![]()
"Azərbaycan uzun illərdir UNESCO-nun fəaliyyətində fəal iştirak edir və təşkilat ölkəmizin zəngin mədəni irsi barədə geniş məlumata malikdir. Təkcə mövcud irs deyil, həm də hazırda və gələcəkdə mədəni irsə çevriləcək memarlıq nümunələri, yaşayış kompleksləri və digər layihələr haqqında UNESCO və üzv dövlətlər kifayət qədər məlumatlıdır".
Deputat vurğulayıb ki, Azərbaycanın UNESCO İrs Komitəsinə yenidən üzv seçilməsi onun mədəni irs sahəsindəki təcrübəsinə verilən yüksək qiymətdir:
"Məhz bu səbəbdən Azərbaycanın təcrübəsinin qlobal miqyasda paylaşılmasına və irsin qorunması prosesində tətbiq edilməsinə böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycanın Komitəyə seçilməsi həm ölkəmizin dərin mədəni tarixinə, həm də gələcək nəsillər üçün yeni mədəni irs yaratmaq bacarığına verilən yüksək qiymətin nəticəsidir".
A. Mirzəzadə qeyd edib ki, növbəti dörd ildə Azərbaycan Komitənin üzvü qismində öz təcrübəsini bölüşəcək, dünyanın müxtəlif bölgələrində mədəni irsin qorunması ilə bağlı təkliflər irəli sürəcək və mühüm sənədlərin hazırlanmasında fəal iştirak edəcək.
Parlamentari həmçinin əlavə edib ki, bu Azərbaycanın artan nüfuzuna və mədəniyyətinə göstərilən böyük dəyərdir:
"Bu seçim Azərbaycanın beynəlxalq təşkilatlarda artan nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycan mədəniyyətinə verilən böyük dəyəri əks etdirir və hesab edirəm ki, bundan sonra dünya Azərbaycanı daha yaxından və daha dolğun şəkildə tanıyacaq".
Jalə Rövşən
tag: Aydın Mirzəzadə,Deputat,Azərbaycan,UNESCO,Todaypress.tv,
