Münasibətlərdə yeni siyasi atmosfer – Şuşadan Vaşinqtona çatan səs...

Təhlil

22.07.2025 13:11

"ABŞ Prezidenti Donald Trampın ölkə başçımız İlham Əliyevin çıxışını “Truth Social” hesabında paylaşması ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başladığına işarə edir". 

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Trampın Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşması təkcə protokol xarakterli minnətdarlıq jesti deyil, həm də çoxşaxəli strateji və siyasi məna daşıyan bir addımdır. Trampın bu paylaşımı Vaşinqton-Bakı münasibətlərində yeni siyasi atmosferin yaranmasından xəbər verir.

"Bu, ilk növbədə, İlham Əliyevin qlobal auditoriyaya çıxış imkanlarının genişləndiyini göstərir. ABŞ prezidenti səviyyəsində bu çıxışa reaksiya verilməsi Azərbaycanın geosiyasi çəkisinin artdığını təsdiqləyir. Trampın mesajı onun şəxsi diplomatik üslubunun tərkib hissəsidir. O, yalnız açıq və simvolik jestlərlə əməkdaşlıq etdiyi liderlərə dəstək nümayiş etdirir".

Analitik diqqətə çatırıb ki, paylaşım eyni zamanda ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın aparıcı mövqeyini qəbul etdiyini göstərir. Tramp bu yolla həm regionda balans yaratmaq, həm də İlham Əliyev kimi tərəfdaş liderlərlə münasibətləri möhkəmləndirmək niyyətində olduğunu göstərir.

"Azərbaycan üçün bu paylaşım informasiya müharibəsində və diplomatik cəbhədə əhəmiyyətli bir qələbədir. Şuşa Forumunun mesajları təkcə region üçün deyil, qlobal güclər üçün də maraq doğurur. ABŞ prezidentinin bunu paylaşması forumun beynəlxalq legitimliyini artırır. Həmçinin bu jest Trampın müstəqil və praqmatik xarici siyasət xəttini davam etdirdiyini göstərir. Onun klassik “ən yaxşı müdafiə – hücum deyil, əməkdaşlıqdır” yanaşması bu dəfə Şuşadan gələn səsə cavabla ifadə olundu". 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım edib.

Töhfə Səməd

tag: Tural İsmayılov,Politoloq,ABŞ,Azərbaycan,Todaypress.tv,

photo