Kartdan-karta köçürmələrdən sonra yeni məhdudiyyət: Məqsəd nədir?

Kartdan-karta köçürmələrdən sonra yeni məhdudiyyət: Məqsəd nədir?
24.09.2026 19:48 Təhlil

Bank kartları ilə bağlı yeni məhdudiyyətlər müzakirələrə səbəb olub. Yayılan məlumata görə, vətəndaşın eyni valyutada bir aktiv debet kartı olduğu halda, ikinci debet kartı sifariş etməsinə məhdudiyyət qoyulacaq. Bildirilir ki, bəzi banklar bu qaydanı artıq tətbiq edir, digər banklarda isə məhdudiyyətin oktyabrın 1-dən qüvvəyə minməsi gözlənilir. Fərqli valyutada ikinci debet kartının sifarişinə isə məhdudiyyət nəzərdə tutulmur.

Maraqlıdır, yeni qayda artıq bir neçə debet kartı olan vətəndaşların mövcud kartlarının ləğvi deməkdirmi və bu məhdudiyyətin tətbiqində əsas məqsəd nədir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı TodayPress TV-yə danışıb.


O hesab edir ki, sözügedən məhdudiyyət digər maliyyə əməliyyatlarına tətbiq edilən məhdudiyyətlərlə eyni məqsəd daşıya bilər.

Ekspert bildirib ki, normal bank və iqtisadi sistemdə bu cür məhdudiyyətlərin tətbiqinə ehtiyac olmamalıdır:

"Necə ki, kartdan-karta köçürmələrə məhdudiyyətlər var, bu da yəqin ki, həmin qəbildəndir. Normal bank sistemində, normal iqtisadi sistemdə belə məhdudiyyətlər olmur. Niyə? Bunun da cavabı sadədir. Bank nə qədər çox kart satırsa, hər satdığı karta görə pul qazanır. Bank üçün nə fərqi var? Bu, onun üçün qazancdır. Niyə bank öz-özünə məhdudiyyət qoysun?"

Mütəxəssisin sözlərinə görə, məhdudiyyətlərin arxasında dövlət orqanlarının nəzarət imkanlarını genişləndirmək istəyi dayana bilər. O qeyd edib ki, kartdan-karta köçürmələrə tətbiq olunan məhdudiyyətlərdə olduğu kimi, xarici valyuta ilə bağlı əməliyyatların da nəzarətdə saxlanılması məqsədi güdülə bilər:

"Görünən odur ki, indi eynilə kartdan-karta köçürmələrdə olduğu kimi, xarici valyuta alışına da məhdudiyyətlər qoyulur. Hamısının adını da belə qoyurlar ki, guya bunları banklar özləri tətbiq edir. Aydındır ki, bunları dövlət orqanları qoyurlar, yəni qeyri-rəsmi şəkildə. Sadəcə, bunu bankların özlərinə icra etdirirlər".

Müsahibimizin fikrincə, belə məhdudiyyətlərin tətbiqinin əsas səbəblərindən biri dövlət orqanları üçün maliyyə əməliyyatlarına nəzarətin asanlaşdırılmasıdır:

"Niyə belədir? Dövlət orqanları üçün nəzarət etmək rahat olsun deyə. Vergidən yayınma hallarına, çirkli pulların yuyulması hallarına və sairəyə nəzarət etmək daha asan olsun deyə".

Ə.Həsənov digər ölkələrdə bu kimi məhdudiyyətlərin daha az tətbiq edilməsini gəlirlərin bəyan edilməsi sistemi ilə əlaqələndirib.

Ekspert bildirib ki, həmin ölkələrdə vətəndaşın bəyan etdiyi gəlirlərlə bank hesabları və kartları üzrə həyata keçirdiyi əməliyyatlar müqayisə edilə bilər:

"İndi sual oluna bilər ki, yaxşı, bəs "digər ölkələrdə, harada ki, belə məhdudiyyətlər yoxdur  orada məgər vergidən yayınma və belə hallar yoxdur?" Var, əlbəttə. Sadəcə, həmin ölkələrdə vətəndaşların gəlir bəyannaməsi deyilən bir şey var. Yəni dövlət orqanları banklara nəzarət edəndə, eyni zamanda həmin gəlir bəyannamələrinə də baxırlar".

Türkan İsgəndərli

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər