Hakan Fidan BMT-yə Baş katib seçilsə... - Zəngəzur və Cənubi Qafqaz prizmasından
Ankaranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə Xarici İşlər naziri Hakan Fidanın namizədliyini irəli sürəcəyi ilə bağlı iddialar beynəlxalq diplomatik dəhlizləri hərəkətə gətirib. Son illərdə regional böhranlarda öz üzərinə götürdüyü vasitəçilik rolu və mexik diplomatiyası ilə diqqət çəkən Fidanın namizədliyi BMT çətiri altında qlobal tarazlıqları dəyişə biləcək kritik bir gediş kimi qiymətləndirilir.
Burda müəyyən suallar meydana çıxır:
Hakan Fidanın BMT Baş katibliyinə namizədliyi iddiası Türkiyənin hansı strateji hədəflərinə xidmət edir, BMT TŞ-nin 5 daimi üzvü (ABŞ, ÇXR, Rusiya, Böyük Britaniya, Fransa) qarşısında seçilmə şansı nə qədərdir və bu baş verərsə, Cənubi Qafqaz ilə Türk dünyasındakı proseslərə necə təsir göstərər?
Sözügedən mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz TodayPress TV-yə danışarkən qeyd edib ki, Hakan Fidanın BMT Baş katibliyinə mümkün namizədliyi barədə iddialar hələ rəsmi prosesə çevrilməsə də, bu mövzunun beynəlxalq mediada müzakirə olunması özü-özlüyündə mühüm siyasi göstəricidir.
Onun sözlərinə görə, bu, Türkiyənin artıq yalnız regional güc kimi yox, qlobal böhranların idarə olunmasında söz sahibi olan diplomatik mərkəz kimi qəbul edilməyə başladığını göstərir:
"Ankara son illərdə taxıl dəhlizi, Rusiya-Ukrayna müharibəsində vasitəçilik cəhdləri, Cənubi Qafqazda normallaşma prosesi, Suriya, Qəzza, Liviya, Afrika və Balkanlar xəttində aktiv diplomatik fəaliyyət göstərərək “problem yaradan deyil, problem həll edən aktor” obrazını gücləndirib. Bu baxımdan, Hakan Fidanın adının BMT Baş katibliyi kimi ali beynəlxalq postla yanaşı çəkilməsi Türkiyə xarici siyasətinin strateji hədəflərinə xidmət edir.
Bu hədəflərin başında Türkiyənin qlobal sistemdə statusunun yüksəldilməsi dayanır. Prezident Rəcəb Tayyib Ərdoğanın uzun illərdir səsləndirdiyi “Dünya beşdən böyükdür” tezisi yalnız siyasi şüar deyil, BMT sistemində daha ədalətli təmsilçilik tələbidir. Belə bir namizədlik iddiası Türkiyənin mövcud beynəlxalq nizamın tənqidçisi olmaqla yanaşı, onun yenidən qurulmasında iştirak etmək istəyən aktor olduğunu göstərir".
Analitik vurğulayıb ki, klassik diplomatiya ilə təhlükəsizlik təcrübəsini birləşdirən nadir diplomatlardan biri olması Hakan Fidanın üstünlüyüdür:
"Türkiyə həm NATO üzvüdür, həm Rusiya ilə danışa bilir, həm Çinlə münasibətləri qoruyur, həm İslam dünyası, həm də Türk dünyası ilə ciddi əlaqələrə malikdir. Bu xüsusiyyətlər Fidanı qlobal böhranlarda çoxkanallı diplomatiya aparmağa qadir şəxsiyyət kimi önə çıxarır".
O eyni zamanda əlavə edib ki, buna baxmayaraq, BMT Baş katibliyi yalnız şəxsi qabiliyyətlə müəyyən edilən vəzifə deyil:
"Bu post üçün Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın razılığı həlledici rol oynayır. Ona görə də Hakan Fidanın P5 ölkələri arasında tam konsensus yaratmaq şansı orta-aşağı səviyyədə qiymətləndirilə bilər. Burada əsas çətinlik onun zəifliyi deyil, əksinə, güclü və müstəqil strateji profilidir".
Ekspertin qənaətincə, Qərb paytaxtları Türkiyənin müstəqil xarici siyasətinə, Rusiya ilə dialoq kanallarını açıq saxlamasına və bəzi NATO məsələlərində fərqli mövqe tutmasına ehtiyatla yanaşa bilər.
Onun sözlərinə görə, Rusiya və Çin isə Türkiyəni NATO üzvü kimi gördüyü üçün tam dəstək verməkdə tərəddüd edə bilər. Bundan əlavə, ekspert qeyd edib ki, Türkiyənin Qəzza və Fələstin məsələsində sərt mövqeyi, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə artan təsiri bəzi böyük güclər tərəfindən balanslaşdırılması lazım olan yüksəliş kimi qəbul edilə bilər.
"Əgər bu iddialar reallığa çevrilərsə, Türkiyə mənşəli bir BMT Baş katibinin seçilməsi yalnız simvolik hadisə olmaz. Bu, qlobal diplomatiyada Türkiyənin və Türk dünyasının görünürlüğünü artıran tarixi dönüş nöqtəsi ola bilər. Lakin unutmaq olmaz ki, BMT Baş katibi Türkiyənin milli siyasətini icra edən şəxs deyil; o, BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində neytral qlobal fiqur olmalıdır. Bununla belə, onun regionu tanıması və siyasi refleksləri BMT-nin Cənubi Qafqaz, Yaxın Şərq və Türk Dövlətləri Təşkilatı coğrafiyasına baxışında daha realist yanaşma formalaşdıra bilər", - deyə Y.Karauz vurğulayıb.
General düşünür ki, Cənubi Qafqazda bu, Azərbaycan-Ermənistan normallaşması, sülh sazişi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, Zəngəzur və Orta Dəhliz kimi məsələlərin BMT gündəmində daha düzgün çərçivəyə salınmasına imkan verə bilər. Yaxın Şərqdə isə Qəzza, Suriya, İraq, Livan və İran-Körfəz xəttində humanitar diplomatiya və vasitəçilik imkanları arta bilər. Türk Dövlətləri Təşkilatı regionunda isə Mərkəzi Asiya, Xəzər hövzəsi, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Orta Dəhliz mövzuları beynəlxalq platformalarda daha çox diqqət qazana bilər.
Analitik Fidanın mümkün namizədliyinin üç əsas strateji məna daşıdığını diqqətə çatdırıb:
"Birincisi, bu iddia Türkiyənin qlobal sistemdə daha yüksək status tələb etdiyini göstərir. İkincisi, onun seçilməsi üçün P5 ölkələri arasında konsensus yaratmaq çətin olsa da, bu müzakirə Türkiyənin diplomatik çəkisini artırır. Üçüncüsü, belə bir seçki baş verərsə, Cənubi Qafqaz, Yaxın Şərq və Türk dünyası BMT gündəmində daha ədalətli, daha balanslı və daha praktik şəkildə təmsil oluna bilər".
O, iddia reallaşsa da, reallaşmasa da, verilən mesajın çox aydın olduğunu vurğulayaraq, Türkiyənin artıq yalnız öz regionunun təhlükəsizliyi ilə məşğul olan dövlətdən ziyadə yeni dünya nizamının qurulmasında söz sahibi olmaq istəyən qlobal diplomatik aktor olduğunu nəzərə çatdırıb.
Jalə Rövşən