Ukrayna Rusiyanın "çörək ambarını" İFLİC ETDİ - Fövqəladə vəziyyət elan edildi!
Bütün taxıl məhsulunun onda birini, çuğundurun 14 faizini, üzüm və almanın üçdə birindən çoxunu təmin edən Rusiyanın ən böyük kənd təsərrüfatı regionu – Krasnodar diyarı fövqəladə vəziyyət elan edir.
TodayPress TV xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.
"Logistika infrastrukturlarının kütləvi hədəfə alınması, limanların fəaliyyətinin dayandırılması və Azov-Qara dəniz hövzəsində gəmiçiliyin pozulması səbəbindən Krasnodar diyarının kənd təsərrüfatı istehsalçıları böyük həcmdə kənd təsərrüfatı məhsullarını reallaşdırmaq imkanından məhrum olublar. Bu da daxili taxıl bazarının həddindən artıq doymasına gətirib çıxarıb", - Rusiya mediası qubernator Veniamin Kondratyevin qərarından sitat gətirib.
Sənəddə qeyd olunub ki, yaranmış vəziyyət insanların yaşayış şəraitinin pisləşməsinə və böyük maddi itkilərə gətirib çıxara bilər.
Xatırladaq ki, bu il Kuban fermerləri ötən illə müqayisədə 17 faiz çox – 13,6 milyon ton taxıl yığmağı planlaşdırırdılar. Lakin avqustda dron zərbələri səbəbindən Qara dənizin bütün əsas taxıl limanlarının fəaliyyəti dayandıqdan sonra onlar məhsulu ixrac etmək imkanından məhrum oldular.
Bundan bir ay əvvəl isə Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Azov dənizi terminalları fəaliyyətini dayandırmışdı və hakimiyyət orqanları Kerç boğazı vasitəsilə gəmiçiliyi müvəqqəti dayandırmağa məcbur olmuşdular. Nəticədə, əvvəllər taxıl yığımında lider olan Rostov vilayəti fövqəladə vəziyyət elan etmişdi.
İldə 60 milyon ton taxıl ixrac edən cənub limanlarının fəaliyyətinin iflic olması Rusiya taxılının ixracında kəskin azalmaya gətirib çıxarıb.
Aysel Mətləb