Azərbaycanın ŞƏT-lə əməkdaşlığı bizə nə vəd edir? - ŞƏRH

Təhlil

01.09.2025 18:22

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur".

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, ŞƏT dünyanın nüfuzlu siyasi-iqtisadi təşkilatlarından biri kimi diqqət çəkir və onun əsas xüsusiyyəti dünyanın müxtəlif regionlarından olan ölkələri bir araya gətirməsidir.

"Təşkilatın əsas məqsədi iqtisadi əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli iqtisadi münasibətlərin inkişafıdır. Bu əməkdaşlıqdan bütün iştirakçı dövlətlər yararlanır".

Deputat əlavə edib ki, Azərbaycan uzun müddətdir ŞƏT ilə sıx əməkdaşlıq edir. Ölkəmiz hələ təşkilata üzv olmasa da, Prezident İlham Əliyev mütəmadi olaraq ŞƏT sammitlərinə dəvət olunur. Onun sözlərinə görə, Azərbaycanın müraciəti əsasında artıq ölkəmizə təşkilatla tərəfdaş statusu verilib.

"Bu status gələcəkdə Azərbaycanın ŞƏT-in tamhüquqlu üzvünə çevrilməsi üçün mühüm zəmin yaradır. Üzvlük isə ticarət və iqtisadi əlaqələrin genişlənməsi, faydalı kreditlərin əldə olunması, investisiyaların cəlb edilməsi baxımından mühüm imkanlar açacaq".

Aydın Mirzəzadənin fikrincə, Azərbaycan artıq ŞƏT-ə üzv olan ölkələrin hər biri ilə yaxşı münasibətlərə malikdir və bu status həmin münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son toplantısında "ŞƏT tərəfdaşı" adlı vahid status yaradılıb. Azərbaycan da bu statusu əldə edən ölkələr sırasına daxil olub.

Türkan İsgəndərli

tag: ŞƏT,Azərbaycan,Aydın Mirzəzadə,Tərəfdaş,Todaypress.tv,

photo