Qərb dünyasında ÇAXNAŞMA: “Bu, Avropanın məğlubiyyəti kimi qiymətləndirilə bilər”

Təhlil

18.08.2025 17:00

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin növbəti görüşü Alyaskadakı danışıqlardan sonrakı mərhələnin konturlarını müəyyən edəcək”.

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlki görüşdən fərqli olaraq, Zelenskinin bu dəfə Vaşinqtona səfərinin siyasi çəki mərkəzi dəyişməsə də, tərəflərin mövqeləri müəyyən dərəcədə yenilənib:

“Əvvəllər Tramp Ukrayna liderinə kapitulyasiya təklif etmişdi. İndi isə eyni tələblər fərqli şəraitdə gündəmə gətiriləcək. Lakin bu dəfə Zelenski daha təcrübəli və özünə inamlıdır. Tramp hər iki halda Ukraynanın Rusiyadan zəif olduğunu qabartmaqla onu ərazi güzəştinə vadar etməyə çalışır. Amma Zelenski Avropa tərəfdaşlarının dəstəyinə arxayındır”.

Analitik hesab edir ki, Trampın Zelenski ilə əvvəlcə təkbətək formatda görüş keçirməsi də təzyiq strategiyasının tərkib hissəsi ola bilər. Bununla belə, Avropa İttifaqı (Aİ) və NATO nümayəndələrinin Ukrayna liderinin yanında qətiyyətlə dayanması bu cəhdləri balanslaşdırır:

“Görüşün Moskvanın tələbləri istiqamətində nəticələnməsi real görünmür. Çünki ərazi güzəşti nə Zelenskinin səlahiyyətinə daxildir, nə də bu, Ukrayna Konstitusiyası ilə mümkündür. Belə bir razılaşma, əslində, Putinin diplomatik qələbəsi, Avropanın isə məğlubiyyəti kimi qiymətləndirilə bilər. Tramp isə çoxdan bu münaqişənin məsuliyyətini üzərindən ataraq “bu Baydenin müharibəsidir” bəyanatı ilə geri çəkilib. Belə olan halda, mümkün nəticələrin əsas yükü ABŞ-nin üzərinə düşəcək”.

A.Qasımovun fikrincə, əslində, burada əsas məqsəd razılaşma əldə etmək deyil, zaman qazanmaqdır. Tərəflərin hər biri öz maraqları naminə mübarizə aparır:

“Rusiya nəzarətə götürdüyü əraziləri genişləndirməyə çalışdığı halda, Avropa onu Ukrayna meydanında zəiflətmək və hərbi resurslarını tükətmək istəyir. Hazırkı mərhələdə münaqişənin siyasi həlli görünmür. Əgər tərəflərdən biri üstün mövqe qazana bilməsə, bu qarşıdurma uzun müddət davam edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə ümumi görüşdən imtina edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ilkin mərhələdə yalnız təkbətək görüş planlaşdırır. Danışıqlara yalnız bundan sonra Aİ və NATO nümayəndələri qoşulacaq.

Xatırladaq ki, görüş avqustun 18-də Ağ Evdə baş tutacaq.

Qiymət Mahir

tag: Azər Qasımov ,Politoloq,Avropa,Çaxnaşma,Todaypress.tv,

photo