“Mən ona özüm qədər inanıram” – Ulu Öndərin etimadının 22-ci ili…

Təhlil

15.10.2025 15:40

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür.

Ulu Öndərin tarixi çağırışı


Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:

"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".


Xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkənin inkişafında yeni mərhələ başlandı.

22 ilin salnaməsi - Sabitlikdən suverenliyə...


Milli Məclisin deputatı Elçin Mirzəbəyli Azərbaycanın 22 illik daxili və xarici siyasətini TodayPress TV-yə təhlil edib:


“2003-cü il oktyabrın 15-dən etibarən Prezident İlham Əliyevin Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli aktorlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi və yalnız milli maraqlara söykənən xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün isə istinad mənbəyidir.


Bu illər ərzində Azərbaycan tarixinin ən mürəkkəb, eyni zamanda ən parlaq inkişaf mərhələsini keçib. Əgər 2003-cü ildə qarşıda duran əsas məsələ siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın dayanıqlı əsaslarının təmin edilməsi idisə, bu gün Azərbaycan regional təhlükəsizliyin təminatçısı, enerji və nəqliyyat dəhlizlərinin strateji mərkəzi, həm də geosiyasi dinamikanı formalaşdıran subyekt kimi çıxış edir”.

Strateji sabitlik və diplomatik çeviklik doktrinası


Parlamentari əlavə edib ki, Prezident İlham Əliyevin 22 illik dövlət idarəçiliyi modeli təkcə bir siyasi kurs deyil, bu, həm də strateji sabitlik və diplomatik çeviklik doktrinasıdır. Bu mükəmməl idarəçilik modelinin nəticəsi olaraq, Azərbaycan qlobal güc mərkəzləri arasında balanslı siyasət aparmaqla, heç bir blokun peykinə çevrilmədən, öz milli maraqlarını qətiyyətlə müdafiə edib və beynəlxalq sistemdə müstəqil mövqe formalaşdırıb. Azərbaycanın ərazi bütövlüyünün və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarının təmin edilməsindən sonra yaranan yeni reallıqlar regionun geosiyasi xəritəsini köklü şəkildə dəyişib. 2020-ci ildə ölkəmizin Vətən müharibəsindəki Zəfəri və ardınca ölkənin bütün əraziləri üzərində suverenliyin tam bərpa edilməsi təkcə hərbi-siyasi qələbə deyil, həm də müasir dövlətçilik fəlsəfəsinin təntənəsidir.


Milli gücün mexanizmi - dörd dayaqlı sistem

“Bu reallıq fonunda 2003-cü ildən bu günə qədərki proseslərə baxış bizə bir həqiqəti nümayiş etdirir: İlham Əliyevin dövlət idarəçiliyi modeli ardıcıl, çoxvektorlu və məqsədyönlü şəkildə formalaşmış strateji ardıcıllığın nümunəsidir. Dövlətimizin başçısının  qurduğu sistemdə iqtisadi, diplomatik, hərbi və ideoloji dayaqlar bir-birini tamamlayır və milli gücün ümumi mexanizmini təşkil edir. Hətta Azərbaycana qarşı qərəzli mövqedə dayanan qlobal media resurslarının analitikləri belə Prezident İlham Əliyevin geosiyasi proseslərin inkişaf istiqamətini və dinamikasını proqnozlaşdırmaq, dəqiq təhlil etmək, düzgün nəticə çıxarmaq və mövqe seçmək məharətini etiraf edirlər”, - deyə deputat vurğulayıb.

Dünyanı tarazlaşdıran diplomatiya


Elçin Mirzəbəyli, həmçinin diqqətə çatdırıb ki, son 22 ilin ən mühüm göstəricilərindən biri Azərbaycanın xarici siyasətdə eyni anda bir-birinə zidd qütblərlə əməkdaşlıq münasibətləri qura bilməsidir:

“Azərbaycan heç vaxt öz tərəfdaşlıq əlaqələrini üçüncü ölkənin əleyhinə yönəltməyib. Bakı enerji layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilsə də, Rusiya ilə strateji əməkdaşlıq münasibətlərini davam etdirib, Çinlə "Bir kəmər, bir yol" təşəbbüsündə iştirak edib, Qoşulmama Hərəkatında qlobal ədalət və bərabərlik ideyalarının təbliğatçısına çevrilib. 


Milli maraqların beynəlxalq sistemdə çoxşaxəli inteqrasiyası Prezident İlham Əliyevin xarici siyasətinin unikal təməl prinsipidir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ölkəmizin regional və qlobal nüfuzunu artırmaqla yanaşı, həm də onu yumşaq güc elementlərinin daşıyıcısına çevirib”.


Millət vəkili Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi modernləşmə modelinin milli dəyərlərlə texnokratik idarəetməni birləşdirdiyini ifadə edib. O bildirib ki, Azərbaycan bu illər ərzində iqtisadi dayanıqlılıq baxımından Cənubi Qafqazın liderinə, beynəlxalq təşkilatlarda isə etibarlı tərəfdaşa çevrilib. Dünya Bankı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər qlobal təsisatlar çərçivəsində Azərbaycanın fəallığı artıq sistemli təsir gücü yaradır.

Liderlik təkamülü

“Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, həm də milli birliyin simvoludur. Onun liderliyində formalaşan "dəmir yumruq" modeli Azərbaycan xalqının həm hərbi, həm də mənəvi qələbəsini təmin edib. 22 illik fəaliyyətin analitik yekunu onu göstərir ki, İlham Əliyevin idarəetmə modeli təkcə bir ölkənin inkişaf xəritəsi deyil, postsovet məkanında yeni dövlətçilik məktəbinin konseptual nümunəsidir. Bu modelin mərkəzində siyasi uzaqgörənlik, milli iradə, beynəlxalq balans və xalqla dövlətin qarşılıqlı etimad sistemi dayanır.

Etimadın nəticəsi - 22 illik körpü...


Azərbaycan hazırda regional sabitliyin aparıcı gücü, qlobal sistemin isə etibarlı tərəfdaşı kimi tanınırsa, bu, məhz 2003-cü il 15 oktyabrdan etibarən formalaşan strateji kursun nəticəsidir. Prezident İlham Əliyev 22 il əvvəl başladığı yolun hər mərhələsində sübut etdi ki, liderlik xalqın iradəsi ilə tarix arasında körpü salmaq bacarığıdır”, - deyə deputat nitqini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

tag: Elçin Mirzəbəyli,Deputat,Ulu öndər,Prezident İlham Əliyev,Todaypress.tv,