Budapeşt Avropadan asılılığı azaltmağa yönəlib – “Xaricdən Baxış”

Təhlil

27.05.2025 12:08

9

“Hədəfimiz Avropadan asılılığı azaltmaq və bu regionda Azərbaycan qazının ən önəmli alıcısı olmaqdır”.

Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun baş elmi işçisi, professor Vaşa Laslo bunu TodayPress TV-yə danışarkən deyib. 

O, Macarıstanın son onilliklərdə həyata keçirdiyi xarici siyasət kursunu balanslaşdırma və diversifikasiya cəhdlərinin nümunəsi kimi təqdim edib. Ölkəsinin təkcə Qərb istiqamətinə söykənməyən, daha geniş coğrafiyada strateji tərəfdaşlıqlar qurmağa çalışan çoxşaxəli bir siyasət yürütdüyünü bildirib.

“Macarıstan ixracının böyük hissəsinin Almaniyaya yönəlməsi bizi iqtisadi asılılıq təhlükəsi ilə üz-üzə qoyur.

Bu kontekstdə yeni bazarların və investisiya mənbələrinin axtarışı həyati əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən Asiya ölkələri, xüsusilə Çin və Cənubi Koreya ilə iqtisadi əlaqələrin genişləndirilməsi və Şərq ölkələri ilə ticarət diplomatiyasının gücləndirilməsi Macarıstan üçün prioritetə çevrilib. Azərbaycan isə bu strategiyada xüsusi yer tutur.

Həm enerji sahəsində, həm də turizm və diplomatik əməkdaşlıq baxımından Bakı ilə Budapeşt arasında əlaqələrin dərinləşməsi Macarıstan üçün strateji dividentlər vəd edir.

Azərbaycanın qazının “Türkiyə axını” üzərindən Macarıstana çatdırılması, eləcə də yaşıl enerjinin Gürcüstan–Qara dəniz–Rumıniya xətti ilə Avropaya ötürülməsi planı Macarıstanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır”.

Professor diqqətə çatdırıb k, Macarıstan enerji sahəsində riskləri bölüşmək və tək bir mənbədən asılılığı azaltmaq üçün real addımlar atır. 

“Macarıstanın çoxvektorlu xarici siyasəti təkcə iqtisadi ehtiyacların deyil, həm də milli təhlükəsizliyin və dayanıqlı gələcəyin təmin olunmasına yönəlmiş rasional yanaşmadır. Azərbaycan qazı isə Avropa İttifaqının (Aİ), xüsusilə də Mərkəzi Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir.

Bundan əlavə, yaxın zamanda həyata keçirilməsi planlaşdırılan digər bir layihə var. Bu layihə ilə dənizaltı dərin sulardan keçəcək elektrik kabeli vasitəsilə Azərbaycanın yaşıl enerjisinin Gürcüstan üzərindən Qara dənizə, oradan isə Rumıniya vasitəsilə Macarıstana çatdırılması nəzərdə tutulur”. 

Ekspert vurğulayıb ki, bu, əslində Avrasiya məkanında enerji ötürülməsi üzrə qlobal bir təşəbbüs olacaq. Hətta coğrafi baxımdan uzaqda yerləşən ölkələr belə Aİ-nin, xüsusən də Macarıstanın enerji təhlükəsizliyinə töhfə verə biləcək.   

Töhfə Səməd

tag: Vaşa Laslo,Professor,Macar,Azərbaycan,Macarıstan,Todaypress.tv,

photo