Sülhə “əlavə şərt” bəhanəsi: Mirzoyan manipulyasiyaya başladı!
Təhlil
08.10.2025 17:56
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb.

Mirzoyan, həmçinin bəyan edib ki, guya Azərbaycan əlavə şərtlər irəli sürür:
“Biz sülh müqaviləsini imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk qrupu fəaliyyətini dayandırsın”.
Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb.
Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda 8 avqustdan sonra ilk dəfə niyə məhz indi danışır?
Məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “əlavə şərtlər” dedikdə nəyi nəzərdə tutduğu aydındır.

Söhbət yeni tələblərdən deyil, sülh sazişinin imzalanması üçün vaxtilə irəli sürülmüş mövcud şərtlərdən gedir.
"Bu şərtlərdən biri – ATƏT-in Minsk Qrupunun fəaliyyətinə birgə müraciətlə son qoyulması – artıq öz həllini tapıb. Həmin qurum və onunla əlaqəli strukturların ləğvinə dair qərar qəbul edilib və sentyabrın 1-də fəaliyyətini dayandırıb.
İkinci və ən vacib tələb isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Rəsmi Bakı haqlı olaraq bildirir ki, yekun sülh sazişinin imzalanması və ratifikasiya olunaraq qüvvəyə minməsi üçün bu dəyişiklik mütləqdir. Bu mövqe artıq beynəlxalq səviyyədə də qəbul olunur. Təsadüfi deyil ki, 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli bəyanatda sülh sazişinin imzalanması və ratifikasiyası üçün “əlavə tədbirlərin görülməsi” zərurəti xüsusi vurğulanıb. “Əlavə tədbirlər” ifadəsi isə məhz Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur.

Belə olan halda, Mirzoyanın Azərbaycanın guya sülh sazişinin paraflanmasından sonra “əlavə şərtlər” irəli sürdüyünə dair açıqlaması beynəlxalq ictimaiyyəti manipulyasiya etmək cəhdi kimi dəyərləndirilməlidir. Ermənistan rəsmiləri bu tipli bəyanatlarla Konstitusiya dəyişikliyi həyata keçirmədən sülh sazişinin imzalanması üçün Azərbaycana təzyiq göstərilməsinə çalışırlar", – deyə siyasətçi vurğulayıb.
R.Bayramov əlavə edib ki, Paşinyan və onun komandası sülh sazişini Ermənistanda keçiriləcək seçkilər öncəsi siyasi dividendlərə çevirmək, onu daxili auditoriyaya “uğur” kimi təqdim etmək istəyir. Bu məqsədlə onlar beynəlxalq tribunalarda oxşar bəyanatlar səsləndirərək diplomatik təzyiq formalaşdırmağa cəhd edirlər.

Lakin fakt ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətcə hər hansı sülh sazişinin qüvvəyə minməsi mümkün deyil. Bu, beynəlxalq hüququn və dövlətlərarası müqavilə prinsiplərinin açıq tələblərinə ziddir. Ermənistanın bu istiqamətdə apardığı anti-Azərbaycan təbliğatı da nəticə verməyəcək.
"Mirzoyan və onun həmfikirləri manipulyativ bəyanatlar verməkdənsə, Ermənistan ictimaiyyətini Konstitusiya dəyişikliyinin zəruriliyinə inandırmaq üçün maarifləndirici addımlar atmalıdır. Məhz bu, bölgədə davamlı sülhə aparan yeganə yoldur", – deyə ekspert diqqətə çatdırıb.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Mirzoyan,Manipulyasiya,Todaypress.tv,
