İsrail və ABŞ Vetosu: Türkiyə Qəzza Sülhməramlılarından niyə uzaqlaşdırıldı?
Təhlil
24.10.2025 16:32
“Jerusalem Post” yazır ki, Türkiyə ordusu Qəzzada yaradılacaq Beynəlxalq Sabitlik Qüvvələrinə (MSŞ) daxil edilməyəcək. Qərar İsrailin vetosu və ABŞ-nin dəstəyi nəticəsində qəbul edilib. Tel-Əviv Türkiyə hərbçilərinin iştirakı ilə bağlı “etimad problemləri” və “siyasi risklər” göstərib. ABŞ administrasiyası İsrailin mövqeyini anlayışla qarşılayıb və Türkiyənin yerinə Avropa və ərəb ölkələrinin hərbçiləri MSŞ tərkibinə daxil edilə bilər.
Türkiyənin MSŞ-dən çıxarılması hansı siyasi və strateji məqsədlərə xidmət edir və bu, Qəzzadakı beynəlxalq təhlükəsizlik planlarına necə təsir göstərə bilər?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bu, gələcəkdə ciddi problemlərdən xəbər verir:
"Türkiyə ordusunun Qəzzada fəaliyyət göstərəcək sülhməramlı qüvvələrin tərkibinə daxil edilməməsi gələcəkdə olduqca ciddi problemlər yaradacaq. Yəni prezident Tramp və Qəzzada sülh istəyənlər səmimidirlərsə, onda Türkiyə sülhməramlı qüvvələrin tərkibinə daxil olmalıdır."
Analitikin sözlərinə görə, Türkiyənin kənarda qalması Qəzza üçün yaxşı heç nə vəd etmir:
"Əks halda Qəzzada sülhün yaradılması demək olar ki, qeyri-real bir plandır. Çünki Türkiyə Qəzzada beynəlxalq hüquq normalarının və ədalət prinsipinin qorunması istiqamətində mövqe tutan demək olar ki, yeganə dövlətdir. Qəzza problemini də yalnız beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında nizamlamaq mümkündür. Əgər bu faktorlar üzərindən mövqe tutan bir dövləti kənara çəkirlərsə, o zaman bu o deməkdir ki, Qəzzada sülh və sabitlik, ədalət və beynəlxalq hüquq normaları haqqında kimsə düşünmür, sadəcə Qəzzada və ümumiyyətlə Yaxın Şərqdə gedən prosesləri yeni mərhələyə və ya keyfiyyət dəyişikliyinə yönəltməyə çalışırlar.
Bu baxımdan Türkiyəsiz Qəzza probleminin həlli demək olar ki, çətin məsələdir. Ona görə də ehtimal etmək olar ki, Türkiyənin sülhməramlı qüvvələrin tərkibinə daxil edilməyəcəyi təqdirdə, Qəzza böhranının və ya Fələstin probleminin birdəfəlik həlli reallıqdan kifayət qədər uzaq bir təşəbbüsdür."
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Türkiyə ,Qəzza,Todaypress.tv,
