Yeni 20 illik ABŞ–İsrail hərbi sazişi: Yaxın Şərq sülhdən uzaqlaşır?

Təhlil

14.11.2025 16:46

İsrail ABŞ ilə mövcud 10 illik yardım anlaşmasını 20 illik hərbi yardım müqaviləsi ilə əvəzləmək üçün danışıqlar aparır. Təl-Əviv yeni sənəddə “Amerika Birinci” müddəalarının yer almasına və illik ən azı 4 milyard dollarlıq yardımın davam etdirilməsinə çalışır. Lakin danışıqlar MAGA hərəkatının xarici yardıma etirazı və Vaşinqtonun İsrailin Qəzza siyasəti ilə bağlı narahatlıqları səbəbindən çətinləşir.

Maraqlıdır, İsrailin ABŞ ilə planlaşdırdığı bu müqavilə Yaxın Şərqdə hansı yeni siyasi-hərbi prosesləri hərəkətə gətirə bilər?  Vaşinqtondakı daxili siyasi gərginliklər bu danışıqların nəticəsinə necə təsir edə bilər?  


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, İsrailin aqressiv siyasəti böyük ölçüdə ABŞ-nin siyasi-hərbi dəstəyindən qaynaqlanır və ekspertlər bunu Vaşinqtondakı lobbi təsiri ilə izah edirlər: 

"Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İsrailin bölgədə həyata keçirdiyi sərt  siyasət ABŞ-nin açıq siyasi və hərbi dəstəyi ilə mümkündür. ABŞ bu dəstəyi göstərməsəydi, İsrail regionda bu qədər sərt və genişmiqyaslı fəaliyyət göstərə bilməzdi. Amerikanın bir sıra ekspertləri də etiraf edir ki, ölkədə siyasi hakimiyyətə gəlmək üçün güclü yəhudi lobbisinin dəstəyi mühüm rol oynayır və bu lobbinin təsiri ABŞ siyasətində ciddi şəkildə hiss olunur. Bu da öz növbəsində ABŞ-də hakimiyyətə gələn siyasi qüvvələrin İsrail qarşısında müəyyən mənəvi və siyasi öhdəlik daşıması ilə nəticələnir". 

Ekspert vurğulayıb ki, ABŞ-nin uzunmüddətli siyasi və hərbi dəstəyi İsrailin bölgədəki sərt siyasətini gücləndirir:

"Uzun illərdir ABŞ İsrailə həm hərbi, həm də siyasi dəstəyini əsirgəmir. Bu dəstək nəticəsində İsrail bölgədəki aqressiv siyasətini daha da gücləndirir. Dünyadakı yəhudi lobbisinin “Böyük İsrail” konsepsiyasını dəstəklədiyi və bu məqsədin ABŞ-nin siyasi himayəsi ilə irəlilədiyi iddiaları da mövcuddur. ABŞ rəsmi səviyyədə İsrail–Fələstin məsələsində sülhdən danışsa da, praktiki addımlar çox zaman İsrailin mövqeyi ilə üst-üstə düşür və bu da onun siyasətini legitimləşdirir". 

Onun sözlərinə görə, Qəzza zolağında fələstinlilərə qarşı aparılan hərbi əməliyyatlar, genişmiqyaslı dağıntılar və mülki itkilər bir çoxlarının fikrincə soyqırım xarakteri daşıyır. İsrail bu siyasəti faktiki olaraq ABŞ-nin  siyasi və hərbi dəstəyi ilə həyata keçirir və bu səbəbdən ABŞ-nin  məsuliyyəti məsələsi də beynəlxalq müzakirələrin mövzusudur. 

Politoloq hesab edir ki, ABŞ administrasiyaları lobbi təsirinə görə İsraili dəstəkləməyə davam edir:

"ABŞ-də siyasi hakimiyyətə gələn hər bir administrasiya yəhudi lobbisinin dəstəyindən asılı olduğu üçün İsraillə əməkdaşlığı davam etdirir, hərbi və siyasi yardım paketləri imzalayır və bu əlaqələri gücləndirir. Əgər ABŞ həqiqətən Yaxın Şərqdə sülh və sabitlik istəyirsə, İsrailin aqressiv addımlarına qarşı daha sərt mövqe nümayiş etdirməli, Rusiya–Ukrayna müharibəsində Moskva ilə bağlı tətbiq etdiyi sanksiya kimi ciddi tədbirləri İsrailə qarşı da həyata keçirməlidir. İsrail sanksiyalar və beynəlxalq təzyiq olmadan öz siyasətini davam etdirəcək". 

A. Məsiyev bildirib ki, hazırkı vəziyyət ABŞ və Qərbin siyasi dəstəyi davam etdikcə İsrailin bölgədəki aqressiv əməliyyatlarının dayanmayacağını göstərir və bu da Yaxın Şərqdə real sülh perspektivini zəiflədir. O əlavə edib ki, ABŞ ictimaiyyətinin bu məsələdə açıq mövqe ortaya qoyması çətindir, çünki ölkənin daxili və xarici siyasətinə lobbi qruplarının təsiri güclüdür.

"Nəticə etibarilə, İsrailin sərt siyasətinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət daha prinsipial və açıq mövqe ortaya qoymalıdır. Əks halda, bölgədə gərginlik artmaqda davam edəcək və İsrail qonşu ölkələrin hesabına ərazi genişləndirmək iddiasından geri çəkilməyəcək",-analitik fikrini yekunlaşdırıb. 

Jalə Rövşən

TodayPress TV

tag: Azad Məsiyev ,İsrail,ABŞ , 20 illik hərbi yardım müqaviləsi,Todaypress.tv,