Savaşın kölgəsi GERİ QAYIDIR: “Müharibə istəmirik, amma…”
Təhlil
21.11.2025 22:30
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin İsraillə mümkün yeni müharibəyə hazırlıq səviyyəsi barədə diqqətçəkən açıqlama verib.
O bildirib ki, Tehran 12 günlük əvvəlki müharibədən ciddi dərslər çıxarıb, raket arsenalını həm kəmiyyət, həm keyfiyyət baxımından gücləndirib və İsrailin zəif tərəflərini öyrənərək bu istiqamətdə iş aparıb. Əraqçi vurğulayıb ki, İran müharibə istəmir, amma “müharibənin qarşısını almağın ən yaxşı yolu buna hazır olmaqdır” prinsipi ilə hərəkət edir.
Maraqlıdır, İranın hazırkı açıqlamaları bölgədə real hərbi eskalasiyanın xəbərçisi kimi qiymətləndirilə bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, İran və İsrail arasında baş vermiş 12 günlük hərbi qarşıdurma Yaxın Şərqin yenidən formalaşdırılması prosesinə ciddi təsir göstərən əsas amillərdəndir:
“Hazırda “Yeni Yaxın Şərq” modelinin qurulması istiqamətində proses çox sürətlə gedir. Qəzza bölgəsində sülhyaratma mərhələsinin başlaması da bu geosiyasi transformasiyanın intensivləşdiyini göstərir. Bu o deməkdir ki, yaxın zamanlarda regionda mühüm dəyişikliklər baş verəcək”.
Ekspertin sözlərinə görə, yaranan yeni geosiyasi şərtlər fonunda İran da öz mövqeyini yenidən nəzərdən keçirməyə məcburdur:
“Regiondakı balans dəyişdikcə Tehran üçün də situasiya dəyişir. İran özünə qarşı mümkün hərbi müdaxilə ehtimalını istisna etmir. Elə buna görə də yeni müharibə ssenarisinə hazırlaşdığını açıq şəkildə göstərir. ABŞ–İran münasibətlərinin olduqca gərgin olması bu ehtimalı daha da inandırıcı edir”.
Elçin Xalidbəyli hesab edir ki, İranın 12 günlük savaşın nəticələrini diqqətlə təhlil etməsi və mümkün yeni qarşıdurmaya hazırlıq aparması başadüşüləndir, lakin bu, çıxış yolu deyil:
“Əsas məsələ ondan ibarətdir ki, mövcud ziddiyyətlər və təhlükəsizlik çağırışları hərbi deyil, məhz diplomatik masada həll olunmalıdır. Regionda dayanıqlı sabitlik üçün gərginlik deyil, siyasi iradə lazımdır”.
Analitik qeyd edib ki, İran ilə ABŞ arasında münasibətlərin normallaşması Yaxın Şərq üçün strateji əhəmiyyət daşıyır:
“Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması təkcə region ölkələrinin deyil, daha geniş coğrafiyanın maraqlarına uyğundur. Buna görə bütün tərəflər qarşıdurma riskini minimuma endirən yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq üçün ortaq addımlar atmalıdır”.
Qiymət Mahir
tag: İran, İsrail,Abbas Əraqçi ,Elçin Xalidbəyli , todaypress.tv,
