Ramiz Yunus: "Sülh emosiyalar üzərində qurula bilməz"

Təhlil

26.12.2025 23:00

“2025-ci il Azərbaycan–Ermənistan sülh prosesi üçün həqiqət anına çevrildi. Sülh artıq diplomatik formul olmaqdan çıxdı və ondan yayınmağın mümkün olmadığı siyasi seçimə çevrildi”.

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz çıxışında bildirib.

O qeyd edib ki, bu seçim xüsusilə də illərlə münaqişə, xarici təminatlar və özünüaldatma hesabına mövcud olan dairələr üçün asimmetrik olub:

“İlin əsas nəticəsi sadədir: sülh illüziyaların bitdiyi və reallığın qəbul edildiyi yerdə başlayır. Azərbaycan 2025-ci ildə məhz bu anlayışdan çıxış edərək hərəkət etdi. Bərpa olunmuş ərazi bütövlüyü müzakirə predmeti kimi deyil, beynəlxalq hüququn faktı kimi təsbit olundu. Sülh güzəştlər müqabilində deyil, kommunikasiyalar, iqtisadiyyat və təhlükəsizlik üzərindən yeni regional model kimi təklif edildi. Bu, reallıqla alış-veriş etməyən və strategiyanı ritorika ilə əvəzləməyən qalib siyasəti idi”.

Politoloq vurğulayıb ki, Ermənistan sülhə doğru hərəkətə daxili inamla deyil, alternativlərin olmaması səbəbindən başlayıb:

“Revanşizm öz dağıdıcılığını qəti şəkildə nümayiş etdirdi. Lakin müharibədən imtina keçmişlə tam qırılma ilə müşayiət olunmadı. İkili siqnallar, qərarların uzadılması və zəif mövqeyi diplomatik manevr qabiliyyəti ilə kompensasiya etmək cəhdləri yeni şəraitdə köhnə taktikanın davamına çevrildi. Bu destruktivliyin səbəbləri həm daxili parçalanmada və diaspor təzyiqində, həm də Rusiyadan obyektiv asılılıqda və siyasi məsuliyyətdən qorxuda gizlənir”.

Ramiz Yunus Zəngəzur dəhlizinin prosesdə xüsusi rol oynadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələ bütün iştirakçıların səmimiliyinin lakmus kağızına çevrilib:

“Azərbaycan üçün bu, suverenlik və regional inteqrasiya məntiqidir. Ermənistan üçün izolyasiyadan çıxmaq üçün real şansdır. Lakin Rusiya və İran üçün nəzarəti itirmə təhlükəsidir. Məhz buna görə onların 2025-ci ildəki mövqeyi obyektiv olaraq sülhə deyil, idarə olunan qeyri-sabitliyin saxlanmasına xidmət etdi”.

Professor Avropa İttifaqının mövqeyinə də toxunaraq bildirib ki, Brüssel sülhə dəstək verdiyini bəyan etsə də, prosesdə ikili standartlardan çıxış edib. Onun fikrincə, Aİ ilə Ermənistan arasında imzalanmış genişhəcmli sənəd Bakıda siyasi siqnal kimi qəbul olunub:

“Ermənistan nəticəsiz prosesə görə təşviq edilir, Azərbaycan isə beynəlxalq hüquq və münaqişənin real nəticələri nəzərə alınmadan öyrədilməyə davam olunur. Bu cür seçici mənəviyyat sülhü yaxınlaşdırmadı, lakin Avropa İttifaqına vasitəçi kimi etimadı ciddi şəkildə sarsıtdı”.

Ramiz Yunus bildirib ki, bu fonda ABŞ ən praqmatik xarici oyunçu kimi çıxış edib. Onun sözlərinə görə, avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşü Vaşinqtonun yanaşmasını açıq şəkildə nümayiş etdirib:

“ABŞ Cənubi Qafqazda sülhə nə humanitar jest, nə də narrativlər yarışması kimi baxır. Vaşinqton bu prosesi aydınlıq və real güc balansının qəbulunu tələb edən strateji aktiv kimi dəyərləndirir”.

Sonda politoloq qeyd edib ki, 2026-cı il həlledici olacaq. Risklərin qalmasına baxmayaraq, keçmişə qayıdış artıq mümkün deyil:

“Sülh sərt, asimmetrik və narahat olacaq. Elə buna görə də dayanıqlı olacaq. Sülh emosiyalar, illüziyalar və seçici mənəviyyat üzərində qurula bilməz. O, dövlətlər, elitalar və vasitəçilər üçün yalnız rasional seçim kimi mümkündür”. 

Ramiz Yunus fikrini məşhur amerikalı diplomat və strateq Henri Kissincerin sözləri ilə yekunlaşdırıb:

“​Tərəflərin bir-birinin reallığını tanımaqdan imtina etdiyi yerdə sülh mümkün deyil”.

Qiymət Mahir

tag: Ramiz Yunus, Politoloq,Siyasi Elmlər,Professor, todaypress.tv,