Yaxın gələcəkdə ölkəmiz tənhalar ölkəsinə çevriləcək

Sosial

29.04.2026 13:32

Son illərdə ölkəmizdə işsizlik rəqəmləri artıb. 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlara görə, qeydiyyatda olan işsizlərin sayı 239-245 min nəfərə çatıb və bu, əvvəlki illə müqayisədə on minlərlə artım deməkdir. Xüsusilə gənclər arasında bu rəqəm daha ağrılıdır. 15-24 yaş qrupunda işsizlik nisbəti 13% civarındadır. 

İşsizlik sosial rifahdan əlavə şəxsi problemlərə də yol açır. Belə ki, bir vaxtlar 25-26 yaşında ailə quran, ev-eşik quran gənclər indi evlənmək istəmirlər. 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son 30 ildə orta evlilik yaşı xeyli yüksəlib. Bu, kişilərdə 30, qadınlarda isə 25 yaşa çatıb. Nikahların sayı isə ildən-ilə azalır. Bununla yanaşı boşanma sayı da artıb.

Səbəb kimi isə maddi çatışmazlıq göstərilir. Toy xərcləri, mənzil problemi, gələcək uşaqların tərbiyəsi və təhsili xeyli xərc tələb edir. 

Evlilik sayının azalması dövlətin demoqrafik vəziyyətinə də təsir edir. Əlbəttə, bütün subaylıq işsizlikdən qaynaqlanmır. Bəziləri karyera, təhsil, səyahət istəyir. Bəziləri isə sadəcə “düzgün insan” axtarışında illər keçirir.

Bəzi gənclər işləmək məqsədilə xaricə üz tuturlar, digərləri isə işləməyə maraq göstərmirlər. Onlar hesab edirlər ki, işləmədikləri və bu səbəbdən evlənmədikləri halda, bu vəziyyət uzun müddət dəyişməz qala bilər. Bu da gələcəyin məsuliyyətsiz fərdləri deməkdir. 

Bu meyillər davam edərsə, gələcəkdə tənha yaşayan insanların sayında artım müşahidə oluna bilər. 

Türkan İsgəndərli

tag: Azərbaycan,İşsizlik,DSK,Qeydiyyat,Todaypress.tv,