"Otkot", büdcə talanı və korrupsiya: Hesablama Palatası kimləri ifşa etdi?

Sosial

28.04.2026 15:35

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a verdiyi müsahibədə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi ilə bağlı ciddi qiymətləndirmə verib.


Onun sözlərinə görə, bəzi hallarda tikinti layihələrinin icrası prosesində qənaət və səmərəlilik prinsipi tam gözlənilməyib. Bu, xüsusilə 2025-ci ildə aparılmış auditlərin nəticələrində öz əksini tapıb.

Sədr vurğulayıb ki, ölkə başçısının rəhbərliyi ilə Qarabağın dirçəldilməsi strateji əhəmiyyət daşıyır və bu istiqamətdə görülən işlər böyük önəm kəsb edir. Auditlər layihələr icra olunduğu üçün əsasən postaudit xarakteri daşıyıb və aşkarlanan nöqsanların ümumi məbləğlərə nisbəti əhəmiyyətli sayılmasa da, konkret sistematik problemlər diqqəti cəlb edir.

Sosial xarakterli obyektlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi

Bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi kommersiya subyektlərinin vəsaiti hesabına nəzərdə tutulduğu halda, bu xərclər dövlət büdcəsi vəsaiti ilə həyata keçirilib. Eyni zamanda, yaşayış evləri və mənzillərin daha səmərəli layihələndirilməsi təmin edilməyib.

Təbii relyefin nəzərə alınmaması və qrunt işlərində artıq xərclər

Yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyef tam diqqətə alınmayıb. Şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadə artıb, əsaslandırılmış zərurət olmadan qruntun çıxarılması və əks doldurmanın həcmi şişirdilib. Bu, əlavə büdcə vəsaitinə tələbat yaradır.

İqtisadçı Natiq Cəfərlinin də qeyd etdiyi kimi, tikinti sektorunda ən “əlverişli” pul silmə üsullarından biri məhz torpaq-qrunt işləridir. Sənədlərdə göstərilən maşın reysləri, torpaq daşınma həcmləri və məsafələr real vəziyyətlə üst-üstə düşməyəndə, vəsaitlərin “yoxa çıxması” üçün geniş imkan yaranır. 


Qarabağın bərpası Azərbaycan dövlətinin və xalqının ən böyük prioritetlərindən biridir. Bu ərazilərə qayıdış, infrastrukturun yaradılması, evlərin, yolların, məktəblərin tikintisi yalnız maddi xərc deyil, həm də milli ləyaqət və gələcək nəsillər üçün investisiyadır. Hər manatın səmərəli xərclənməsi, korrupsiya və israfçılıq hallarının minimuma endirilməsi bu prosesin uğurunu birbaşa müəyyən edir.

Hesablama Palatasının bu auditləri və açıq müsahibəsi müsbət addımdır. Şəffaflığın artırılması, nöqsanların vaxtında aşkarlanması və aradan qaldırılması üçün ictimai nəzarət və cavabdehlik mexanizmlərinin gücləndirilməsi vacibdir.

Auditlər nəticəsində yalnız rəqəmlər yox, real nəticələr, büdcə vəsaitlərinin qorunması, günahkarların məsuliyyətə cəlb olunması və sistemdə islahatlar olmalıdır. 

Qənaət, səmərəlilik və şəffaflıq Qarabağın dirçəlişinin ən vacib şərtlərindəndir. Bu prinsiplərə riayət olunsa, ayrılan vəsaitlər daha çox ev, daha çox yol, daha çox həyat demək olacaq.

Türkan İsgəndərli

tag: Vüqar Gülməmmədov,Natiq Cəfərli,iqtisadçı,Hesablama Palatası,Todaypress.tv,