Həyət evində yaşayanlar 600 manat cərimələnə bilərlər - AÇIQLAMA

Sosial

29.04.2026 16:47

Son günlər yayılan məlumatlara görə, həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Belə ki, qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas İntiqam Hacıyev bildirib ki, vətəndaşa məxsus torpaq sahəsinin mülkiyyət sənədində onun koordinatları dəqiq müəyyən olunur. 


Həmin koordinatlar daxilində olan ərazi vətəndaşın mülkiyyətidir və o, qanunvericiliyə zidd olmamaq şərtilə həmin torpaqdan istədiyi kimi istifadə edə bilər:

"Torpaq sahəsinin kənarlarında hər hansı tikinti, quraşdırma və ya çəpərləmə işlərinin aparılması ümumilikdə qadağan edilir. Lakin piyadaların və yol hərəkətinin təhlükəsizliyinə mane olmamaq şərtilə müəyyən bitkilərin əkilməsinə icazə verilir. Bitkilərin əkilməsi ilə bağlı qanunvericilikdə ayrıca məhdudiyyət yoxdur, əsas şərt onların piyadaların hərəkətinə mane olmamasıdır".

Avtomobillərin saxlanılması məsələsinə gəldikdə isə, hüquqşünas vurğulayıb ki, əgər həmin yer səkidirsə və piyadaların hərəkətinə mane olursa, eləcə də xüsusi mühafizə zonasıdırsa, avtomobilin saxlanılması qadağandır:

"Digər hallarda, yəni piyadaların hərəkətinə mane olmayan ərazilərdə avtomobilin saxlanılmasına icazə verilə bilər. Avtomobillərin saxlanıldığı yollar adətən dövlət və ya bələdiyyə mülkiyyətində olan, ümumi istifadəyə açıq ərazilərdir. Bu ərazilərin icarəyə verilməsi isə qanunvericiliyə zidd hesab olunur".

Hüquqşünas Ramil Süleymanov isə əlavə edib ki, istər fərdi yaşayış evlərinin qarşısında yerləşən boş torpaq sahələri, istərsə də çoxmənzilli binaların ön və arxa hissələrində olan boş ərazilər vətəndaşlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə oluna bilər:


"Həmin ərazilərdə ağac, kol və müxtəlif gül bitkilərinin əkilməsi, eləcə də onların abadlaşdırılması ilə bağlı qanunvericilikdə qadağanedici norma nəzərdə tutulmayıb. Lakin vətəndaşlar tərəfindən həmin ərazilərin hasarlanması və ya onların öz sərəncamlarında olan mülkiyyət kimi təqdim edilməsi yolverilməzdir". 

Vəkil bildirib ki, belə hallarda bu, qanun pozuntusu hesab olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər görülür, inzibati protokol tərtib edilir:

"Qeyd edilən maddəyə əsasən, fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində inzibati qaydada cərimə olunurlar. Ümumilikdə, həmin ərazilərdə abadlaşdırma işlərinin aparılması yalnız hasarlama və ərazini şəxsi mülkiyyət kimi təqdim etmə halları istisna olmaqla, vətəndaşların fərdi təşəbbüsü kimi qəbul edilir və qanunvericilikdə bu cür fəaliyyətə görə hər hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmayıb".

Türkan İsgəndərli

TodayPress TV

tag: İntiqam Hacıyev,Hüquqşünas,Ramil Süleymanov,Həyət evi,Todaypress.tv,