FÜRSƏT! Qızılın qiymətləri düşür: Satmalı, yoxsa almalıyıq?
Sosial
16.03.2026 15:50
“Qızılın qiymətinin qısa müddətdə düşməsi adətən bazarda iki əsas səbəblə bağlı olur: investorların riskli aktivlərə yönəlməsi və ya dolların güclənməsi”.
Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, belə dövrlərdə bəzi investorlar qızılı satmağa üstünlük verdiyi üçün qiymət müvəqqəti olaraq aşağı düşə bilər. Lakin tarixən qızıl uzunmüddətli dövrdə daha çox “təhlükəsiz aktiv” kimi qəbul olunur və iqtisadi qeyri-müəyyənlik zamanı yenidən bahalaşmağa meylli olur:
“Qiymətlərin enməsi bəzi insanlar üçün alış fürsəti kimi dəyərləndirilə bilər. Xüsusilə uzunmüddətli yığım və ya sərvətin qorunması məqsədi olan şəxslər üçün qiymətlərin aşağı olduğu dövrdə mərhələli şəkildə qızıl almaq daha məntiqli sayılır. Bu üsul birdəfəlik böyük məbləğlə alış etmək riskini azaldır və qiymət dəyişmələrinin təsirini balanslaşdırır”.
İqtisadçı əlavə edib ki, qızıl alarkən qısa müddətdə qazanc əldə etmək məqsədilə tez qərar vermək riskli ola bilər. Qiymətlər bəzən düşməyə davam edə bilər və bazarın tam dib nöqtəsini müəyyən etmək demək olar ki, mümkün deyil:
![]()
“Ona görə də investorlar adətən bütün vəsaiti bir anda deyil, hissə-hissə yatırmağı daha təhlükəsiz strategiya hesab edirlər. Qızılın hansı formada alınması da önəmlidir. Fiziki qızıl, qızıl sikkələr və ya bank məhsulları fərqli üstünlüklərə malikdir. Fiziki qızıl uzunmüddətli saxlanma üçün etibarlı hesab olunsa da, saxlanma və təhlükəsizlik məsələləri nəzərə alınmalıdır”.
Ekspertin qənaətincə, ümumilikdə, qiymətlərin düşdüyü dövr qızıl almaq üçün müəyyən fürsət yarada bilər, lakin qərar şəxsi maliyyə vəziyyəti, investisiya məqsədi və riskə yanaşma nəzərə alınaraq verilməlidir.
"Ən sağlam yanaşma qızılı qısa müddətli spekulyasiya deyil, daha çox uzunmüddətli qoruyucu aktiv kimi qiymətləndirməkdir", - deyə Akif Nəsirli əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 999 əyyar təmiz qızılın 1 qramı 274.08, 750 əyyar İtalyan qızılı 205.76, 585 əyyar, Türk qızılı isə 160.5 manat təşkil edir.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,Qızıl,Risk,Todaypress.tv,
