"Buna görə sosial şəbəkələrdə söyüşlər çoxalır...” – Samirə Bağırova
Sosial
27.01.2026 16:00
"İnsan öz fikrini sağlam arqumentlərlə, mədəni dildə ifadə etməyi, emosiyalarını sözlə anlatmağı bacarmadıqda, ən asan yol kimi söyüşə əl atır".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında psixoloq Samirə Bağırova deyib.
Onun sözlərinə görə, digər bir səbəb diqqət çəkmək və görünmək ehtiyacıdır:
"Bu səbəbdən söyüşlü, təhqiramiz, şantaj xarakterli video və paylaşımlar daha çox paylaşılır, müzakirə olunur və reaksiya doğurur. Bəzi insanlar üçün mənfi diqqət, heç bir diqqətin olmamasından daha yaxşıdır.
Növbəti səbəb isə budur ki, söyüşlü paylaşımlar cəzasız qalırsa, “çoxu belə edir” düşüncəsi formalaşır və bu davranış normal qəbul olunmağa başlayır. Bəs bu kimi hallarda qanunun rolu və məqsədi nədir? Qanun ifadə azadlığını boğa bilməz, lakin ictimai mədəni sərhədləri qorumalıdır. Çünki tənqid başqa anlayışdır, təhqir isə tamam başqa".
Psixoloq vurğulayıb ki, insan özünü ifadə edə bilmədikdə, söyüşlə danışır. Bu isə cəmiyyətdə özünü ifadə etmə bacarığının aşağı səviyyədə olduğunu göstərir:
“Yəni savadsızlıq hökm sürür. Lakin savad yalnız biliklə bağlı deyil. Emosiyaları idarə etmək, fikrini düzgün ifadə etmək, tənqid etmək və özünü müdafiə etmək də savad tələb edir. Buna görə də inkişaf etmək zəruridir. Təəssüf doğuran haldır ki, son dövrlərdə sosial şəbəkələrdə qəsdən təxribat xarakterli ifadələr işlədib, qarşı tərəfdən cavab reaksiyası aldıqdan sonra məhkəməyə müraciət edərək kompensasiya tələb edən şəxslərin sayı artmaqdadır. Bu hallar bəzən asan yolla maddi qazanc əldə etmək məqsədilə istifadə olunur. Hesab edirəm ki, qanun bu cür sui-istifadə hallarına qarşı da adekvat və sərt tədbirlər görməlidir”.
Mütəxəssis əlavə edib ki, cəmiyyətdə yayılan fikirlərə görə, sosial şəbəkələr üzərindən qarşı tərəfə böhtan atan və qəsdən təhqir edən bəzi şəxslərin hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşları ilə əməkdaşlıq etməsi barədə iddialar səsləndirilir. Bu iddiaların nə dərəcədə doğru və ya yanlış olması sual doğurur:
“Sosial şəbəkələrdə təhqir, söyüş, şantaj, dəlil-sübut olmadan kiminsə ünvanına yazılan və ya deyilən fikirlər kütləvi şəkildə mənfi reaksiya doğurursa, qanun buna müdaxilə etməlidir. Bu halda belə paylaşımlar edən şəxs daha məsuliyyətli və düşünərək addım atmış olar”.
Samirə Bağırova qeyd edib ki, sosial şəbəkə insanı dəyişmir, insanın daxilində olanı üzə çıxarır.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə bağlı cərimə və inzibati həbs cəzasının tətbiqini təsdiqləyib.
Qanuna əsasən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq.
Sənəddə qeyd edilib ki, belə xırda xuliqanlıq əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Türkan İsgəndərli
tag: Samirə Bağırova,Psixoloq,Sosial şəbəkə,Söyüş,Todaypress.tv,
