Blogerlərin dəbdəbəsi işsizliyi artırır - Qohumbazlıq zirvədə, peşəkarlıq kənarda
Sosial
30.04.2026 14:06
"İş axtaranlar bəzən saysız-hesabsız olsa da, işə götürən tapılmır. Çox zaman CV və ya şəxsi məlumatlar istənilir ki, bu da bir növ başdan etmək üçündür. “CV qoyun, əlaqə nömrəsi yazın” kimi cavablar artıq primitiv səslənir".
Bunu TodayPress TV-yə açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə gördüyümüz "əndrabadi videolar" və bahalı bloger həyatı da işsizliyin bir parçasıdır.
"Axı işə götürənə nə lazımdır? Əksər hallarda qohumluq və tanışlıq prinsipi savaddan və iş qabiliyyətindən üstün tutulur. Gərək kiminsə tanışı olasan ki, işə götürülsən. Gənc birinə “təcrübən yoxdur” deyirlər, 35 yaşdan yuxarı olana isə “artıq qocadır” deyirlər. Bəs bu insan nə vaxt təcrübə toplayıb işləməlidir? Əksər iş elanlarına baxsaq, vəziyyət bərbaddır: yaşı 33-35-i keçməsin, 12 saat işləsin, əmək haqqı isə 450-500 manat olsun".
İqtisadçı əlavə edib ki, ölkədə özəl sahibkarlığın inkişafı üçün dövlət dəstəyi göstərilir, amma bu, istismar etmək, tanışlıq, qohumbazlıq və ya yerlibazlıq etmək demək deyil. Onun fikrincə, bir çox özəl bizneslər ölkədə zəif vəziyyətdədir, çünki həqiqi mütəxəssislər və savadlı kadrlar kənarda qalır:
"Ümumilikdə təfəkkür köklü şəkildə dəyişməlidir. İnsanlar daha çox maddi imkanı olanlara iş verirlər. Məsələn, müsahibədə soruşulur: “Bakıda yaşayırsınız? Öz evinizdir?” Əgər öz evidirsə, şansı bir qədər artır, amma kirayədə qalırsa və ya qohum evində yaşayırsa, vəziyyəti çətin olur. İkinci bir məsələ də odur ki, sanki işçi yox, model axtarılır. Bunu real həyatda da görmək mümkündür. Bədən şəkilləndirmə, liposaksiya və gözəllik mərkəzlərinin sayı artır. Deməli, həm tələb təklifi artırır, həm də əksinə".
Ekspert vurğulayıb ki, Azərbaycanda iş tapmaq çətindir. Blogerlərin insanlarda qıcıq yaratmasına gəlincə isə, o bildirib ki, bu, dövlət nəzarətinin zəif olması ilə bağlıdır:
"Məsələn, dəbdəbəli həyat tərzi nümayiş etdirərək insanları yanlış yollara sövq edən şəxslərdən maliyyə arayışı tələb olunmalıdır. Əks halda, bu gəlirlərin hamısı şübhəli hesab oluna bilər", - Günay Hüseynova qeyd edib.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Bloqerlər,İşsizlik,Todaypress.tv,
