Abşeronda nəqliyyat xəritəsi dəyişir: Bu ərazilər dəmir yolu ilə birləşdiriləcək?
Abşeron yarımadasında sərnişindaşımanın təkmilləşdirilməsi və şəhər mərkəzinə gələn nəqliyyat axınının tənzimlənməsi məqsədilə Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası gündəmdədir. Yeni infrastrukturun istifadəyə verilməsinin Bakıətrafı ərazilərdə tıxacların azalmasına və sakinlərin gündəlik gediş-gəlişinə necə təsir edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, ictimai nəqliyyatda çeşidliliyin təmin olunması sərnişin yükünün müxtəlif vasitələr arasında bölüşdürülməsinə imkan yaradır.
O bildirib ki, hazırda ölkədə ən çox istifadə olunan avtobusların xüsusi zolaqlarının yetərli olmaması onların tıxaclarda vaxt itirməsinə səbəb olur:
"Ümumiyyətlə, ictimai nəqliyyatda müxtəlif nəqliyyat vasitələrinin olması sərnişin daşımalarının ayrı-ayrı nəqliyyat növləri arasında bölüşdürülməsinə imkan yaradır. Bu da ümumi nəqliyyat yükünün azalmasına, sərnişin sıxlığının və tıxacların aradan qaldırılmasına müəyyən qədər müsbət təsir göstərir. Burada əsas məsələlərdən biri relsli nəqliyyat vasitələrindən daha geniş istifadə olunmasıdır. Buraya metro və dəmir yolu nəqliyyatı daxildir. Hazırda ölkəmizdə ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsi avtobuslardır. Lakin avtobusların hərəkəti üçün xüsusi zolaqların kifayət qədər olmaması onların ümumi nəqliyyat axınında qalmasına, tıxaclarda və sıxlıqda vaxt itirməsinə səbəb olur".
Ekspert vurğulayıb ki, Abşeron üzrə vaxtilə fəaliyyəti dayandırılmış relsli xətlərin bərpası şəhər mərkəzinə hərəkət edən sakinlərin işini xeyli asanlaşdıracaq:
"Bu baxımdan, Abşeron yarımadası üzrə dəmir yolu nəqliyyatının inkişafı üçün müəyyən imkanlar mövcuddur. Vaxtilə bəzi ərazilərdə sökülmüş və fəaliyyəti dayandırılmış dəmir yolu xətlərinin, imkan olan yerlərdə bərpa edilərək yenidən istifadəyə verilməsi nəzərdə tutulur. Bu, həmin istiqamətlərdən şəhər mərkəzinə gələn və ya əks istiqamətdə hərəkət edən vətəndaşların daşınmasına ciddi dərəcədə müsbət təsir göstərəcək".
Y.Mustafayevin fikrincə, təkcə infrastruktur qurmaq kifayət deyil, həm də vətəndaşlar arasında ictimai nəqliyyatdan istifadə mədəniyyəti təşviq edilməlidir:
"Eyni zamanda, insanları ictimai nəqliyyatdan istifadəyə təşviq etmək də vacibdir. Bunun üçün yalnız müvafiq nəqliyyat infrastrukturunu yaratmaq kifayət deyil, həm də vətəndaşlarda ictimai nəqliyyatdan istifadə vərdişini formalaşdırmaq və bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlara izah edilməlidir ki, şəxsi avtomobillə hərəkət etdikdə belə, onlar tıxaclarda vaxt itirə, nəqliyyat sıxlığı ilə üzləşə və avtomobillərini park etmək üçün yer tapmaqda çətinlik çəkə bilərlər. Buna görə də zərurət olmadığı hallarda şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi təşviq olunmalıdır", - deyə o, fikrini tamamlayıb.
Qeyd edək ki, xətt Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov stansiyasından keçməklə Yeni Suraxanıya qədər uzanacaq. Buradan isə Hövsan və MİDA yaşayış kompleksinin ərazisindən keçərək Hövsan limanı istiqamətində davam edəcək.
Türkan İsgəndərli