Trampın məktubunun pərdəarxası: ABŞ iqtisadi təhlükəsizliyi təmin olunmuş ölkələrə...

Siyasət

03.06.2025 17:09

"Azərbaycan ilə ABŞ arasında formalaşmış strateji tərəfdaşlıq regionda iqtisadi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. ABŞ kimi güclü iqtisadiyyata malik ölkə ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafına təkan verməklə yanaşı, onun geoiqtisadi regionda nüfuzunun artmasına səbəb olur".

Bunu iqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, strateji tərəfdaşlıq Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması, texnologiyaların inkişafı və enerji sektorunda diversifikasiya baxımından da xüsusi əhəmiyyət daşıyır. 

Ekspertin fikrincə ABŞ-nin dəstəyi ilə Azərbaycan neft və qaz ehtiyatlarını bir çox qlobal bazarlara təhlükəsiz şəkildə çatdırır. Bu da ölkəmizin həm iqtisadi, həm də beynəlxalq arenadakı nüfuzunu ön plana çıxarır.

İqtisadçı vurğulayıb ki, bu əməkdaşlıq yalnız gəlirlilik baxımından deyil, həm də iqtisadi nüfuzun gücləndirilməsi baxımından olduqca önəmlidir:

“Beynəlxalq investorlar əsasən iqtisadiyyatı inkişaf etmiş və iqtisadi təhlükəsizliyi təmin olunmuş ölkələrə sərmayə yatırırlar. Bu amil nəzərə alındıqda, deyə bilərik ki, Azərbaycan artıq inkişaf etməkdə olan ölkə kateqoriyasından çıxaraq inkişaf etmiş ölkələr sırasına doğru irəliləyir”.

G.Hüseynova qeyd edib ki, uğurlu tərəfdaşlıq və müttəfiqlik yalnız neft sektoru və investisiyalarla məhdudlaşmır. Dövlət büdcəsinin kifayət qədər olması, ticarət saldosunun müsbət göstəricilərlə müşahidə olunması bu tərəfdaşlığın səmərəliliyinin bariz nümunəsidir. 

“Neftdən asılılığın azaldılması və mövcud olmayan yeni sahələrin yaradılması üçün xarici təcrübəyə və ixtisaslı mütəxəssislərə ehtiyac var. Bu baxımdan da ABŞ ilə əməkdaşlıq iqtisadi inkişaf üçün çox vacibdir və gələcək perspektivlər üçün böyük imkanlar yaradır”, – deyə iqtisadçı yekunlaşdırıb.

Qeyd edək ki, 2025-ci il Xəzər Neft və Qaz Sərgisinin açılışında ABŞ Dövlət Departamentinin baş müşaviri Vayet Toulki Prezident Donald Trampın məktubunu oxuyub. 

Məkubda bildirilib ki, son 30 il ərzində enerji ehtiyatları baxımından zəngin olan ölkələrimiz neft-qaz sektorunda son dərəcə məhsuldar bir tərəfdaşlıqdan məmnun qalıblar.

Türkan İsgəndərli

tag: Günay Hüseynova,İqtisadçı,Azərbaycan,ABŞ,Todaypress.tv,

photo