Müdafiə xərcləri ikinci plana düşdü: Paşinyanın seçki həmləsi uğurlu olacaq?
Təhlil
25.08.2025 17:11
“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan müdafiə xərclərini ardıcıl olaraq artırıb. Əgər 2020-ci ildə bu ölkənin hərbi büdcəsi 625 milyon dollar təşkil edirdisə, 2025-ci il üçün bu məbləğ artıq 1,72 milyard dollara çatıb. Bu isə təkcə 2024-cü illə müqayisədə 20 faiz, yəni təxminən 300 milyon dollarlıq artım deməkdir”.
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə xərcləri ilə bağlı açıqlamasında onların azaldılacağını və ya dondurulacağını bildirməyib. Sadəcə, əvvəlki illərlə müqayisədə “əhəmiyyətli artımın olmayacağını” vurğulayıb:
“Başqa sözlə, artım davam edəcək, sadəcə əvvəlki illərdəki qədər böyük olmayacaq. Ermənistanın müxtəlif ölkələrlə imzaladığı dəyəri milyardlarla ölçülən silah və hərbi texnika müqavilələri mövcuddur və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmək üçün müdafiə xərclərinin azaldılması faktiki olaraq mümkün deyil”.
Analitik hesab edir ki, büdcədə əhəmiyyətli artımın nəzərdə tutulmaması daha çox Ermənistanın qarşıdan gələn seçki ili ilə əlaqədardır:
“Şübhəsiz ki, gələn ilin büdcəsində əmək haqlarının artırılması, sosial müdafiəyə daha çox vəsaitin ayrılması kimi istiqamətlər prioritet olacaq. Bu siyasət seçki ilində ictimai narazılığı azaltmaq və hakimiyyətə etimadı gücləndirmək məqsədi daşıyır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərə verdiyi açıqlamada 2026-cı il dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasının nəzərdə tutulmadığını bildirib.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Ermənistan,Hərbi xərc,Todaypress.tv,
