Putinin səfərləri niyə intensivləşib? – RƏY
Siyasət
05.12.2025 18:23
Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Rusiya Prezidenti Vladimir Putin xarici səfərlərə ara vermişdi. Ancaq son zamanlar Rusiya Prezidentinin səfərlərinin sayı artıb. O, Çin və Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Hindistana gedib.

Maraqlıdır, Putinin səfərləri niyə intensivləşib?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi Putinin buna məcbur olduğunu bildirib:

“Diqqət yetirsək görərik ki, Rusiya Prezidenti Vladimir Putinin, xüsusilə də Qərb sanksiyalarından sonra ABŞ və Avropa İttifaqı ölkələrinin tənqidinə tuş gələn ölkələrlə münasibətləri normallaşdırması və bu istiqamətdə həmin ölkələrlə əlaqələrin genişləndirilməsinə dair səylərini artırması heç də səbəbsiz deyil. Desək ki, o bunu məcburiyyət qarşısında edir, yanılmarıq. Putinin məhz bu ölkələrə səfər etməsinin ardından Rusiyaya qarşı mövcud sanksiyalar dayanır. O, həmçinin özünün həbsi ilə bağlı beynəlxalq tribunalın verdiyi hökmün icra olunmasından ehtiyat edirdi. Səfər etdiyi ölkələrin siyahısı heç də təsadüfi deyil. Bu mənada ABŞ və Avropa İttifaqı ölkələri ilə münasibətləri gərgin olan ölkələr xüsusi seçilir. Rusiya bu ölkələrə enerji resurslarını çox ucuz qiymətə satır. Bu, münasibətlərin qorunub saxlanılmasında rol oynayır”.
Ekspert qeyd edib ki, Qərb sanksiyaları, həmçinin Rusiya–Qərb düşmənçiliyi Rusiyanı xarici siyasətində manevr etməyə məcbur etdi və Rusiya bu istiqamətdə xeyli dəyişikliklərə səbəb olan addımlar atdı:
“Cənubi Asiya və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün son dərəcə əhəmiyyətli olan bu siyasət, Rusiyanın indiki durumunu daha da ağırlaşdırmaqdan müəyyən qədər qurtardı. Rusiyanın Qərbdən izolyasiya edilməsi və sanksiya paketləri onun iqtisadiyyatına ciddi təsir etmişdi və belə vəziyyətdə Rusiyanı gələcəkdə iqtisadi və maliyyə böhranı bürüməli idi, sonda isə daxildə sosial böhrandan dolayı xalq etirazları ölkəni ağuşuna almalı idi. Amma xüsusilə də Çinlə olan əməkdaşlıq bütün bunların baş verməsinin qarşısını aldı. Çin və digər Asiya ölkələri ilə ticarət, enerji, maliyyə, texnologiya və digər sahələrdə əməkdaşlıq artıq Rusiyanın prioritetinə çevrilib”.

Ç.Şahbazi vurğulayıb ki, Rusiya Pekinlə bütün sahələrdə əməkdaşlıq əlaqələrini qurub və bu istiqamətdə əlaqələrini daha da genişləndirir:
“Bu baxımdan Rusiya Qərbi təhdid edir və Ukrayna müharibəsində geri addım atmaq niyyətində deyil. Rusiyanın bu istiqamətdə yürütdüyü siyasət onun qlobal gücünü və çoxqütblü münasibətlər fonunda özünü qoruya biləcəyini sübut edir. Bu, Rusiyanın “yeni dünya nizamı” siyasətinə uyğun olaraq həyata keçirilir. Rusiyanın təbii sərvətləri, xüsusilə də enerji resursları və istehsal etdiyi silahlar onun yanında ola biləcək ölkələrin sayını artıra bilər. Bu baxımdan Putinin səfərləri Rusiyanın tədarük zənbilini genişləndirir və müqavilələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə xidmət edir”.
Qiymət Mahir
tag: Rusiya,Çingiz Şahbazi ,ABŞ ,Vladimir Putin,Rusiya–Qərb ,Todaypress.tv,
