Parlament Zəfər Günü ilə bağlı Bəyanat qəbul etdi

Parlament Zəfər Günü ilə bağlı Bəyanat qəbul etdi
03.11.2026 12:04 Siyasət

Milli Məclis 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Bəyanat qəbul edib.

TodayPress TV xəbər verir ki, Bəyanatın mətnini parlamentin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu səsləndirib.

Bəyanatda bildirilib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə xalqın, ordunun və dövlətin birliyi, Prezident İlham Əliyevin siyasi və hərbi liderliyi sayəsində mümkün olub.

Qeyd edilib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin tam bərpasına zəmin yaradıb. Vətən müharibəsində keçilməz hesab edilən müdafiə xətlərinin yarılması və noyabrın 8-də Şuşanın işğaldan azad olunması xüsusi vurğulanıb.

Bəyanatda 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmalarının əhəmiyyətinə də toxunulub. Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin mətninin paraflanması regionda uzunmüddətli sülhə doğru mühüm addım kimi qiymətləndirilib.

Vurğulanıb ki, davamlı sülhün təmin olunması üçün ərazi iddialarına son qoyulması, əldə edilmiş razılaşmaların yerinə yetirilməsi və düşmənçilik meyillərinin aradan qaldırılması vacibdir.

Sənəddə beynəlxalq birliyin region ölkələrinin suveren seçiminə hörmət etməsinin və birbaşa dialoqu dəstəkləməsinin zəruriliyi qeyd olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına diqqət çəkilib.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər