Yuxusuzluq bir çox xəstəlik riskini artırır

Sağlamlıq

11.08.2025 19:45

Yeddi saatdan az yatmaq bir sıra ciddi sağlamlıq problemlərinin yaranma riskini artırır. Mütəxəssislərin fikrincə, yuxu çatışmazlığı hipertoniya, infarkt, insult, piylənmə, diabet, demans, depressiya və narahatlıq pozuntusu kimi səkkiz əsas xəstəliklə əlaqələndirilir.

TodayPress TV xəbər verir ki, uzunmüddətli yuxusuzluq stress hormonlarının və maddələr mübadiləsinin tənzimlənməsini pozur, orqanizmdə iltihabın və təzyiqin artmasına səbəb olur, bu isə ürək-damar sisteminə mənfi təsir göstərir. Həmçinin, metabolizmin və insulin istehsalının pozulması piylənmə və şəkərli diabetin inkişaf riskini yüksəldir.

Bununla yanaşı, yuxu çatışmazlığı sinir sisteminin xroniki yüklənməsinə gətirib çıxarır ki, bu da psixi pozuntulara, yaddaş və diqqət problemlərinə səbəb ola bilər. Kifayət qədər yatmayan insanlar adətən yuxulu olurlar, onların reaksiyaları ləngiyir, bu isə həm yol qəzalarının, həm də iş yerində baş verən hadisələrin ehtimalını artırır.

Mütəxəssislər yuxunun keyfiyyətini artırmaq üçün hər gecə eyni vaxtda yatmağı, yataq otağında qaranlıq mühit yaratmağı və axşam saatlarında elektron cihazlardan uzaq durmağı tövsiyə edirlər.

Türkan İsgəndərli

tag: Yuxu,Yatmaq,Yorğunluq,Enerji,todaypress.tv,