Soyuq vannalar əzələ böyüməsini zəiflədə bilər

Sağlamlıq

11.06.2025 19:15

Fitnes dünyasında məşhur olan soyuq (buzlu) vannaların əzələ ağrısını azaltdığı və bədəni tez bərpa etdiyi düşünülür. Lakin Niderlandda aparılan yeni bir elmi araşdırma bunun əksini göstərib: buzlu vannalar əzələ kütləsinin artımını ləngidə bilər.

TodayPress TV xəbər verir ki, Maastrixt Universitetinin alimləri 12 sağlam gənc üzərində eksperiment aparıb.

Onlar bir ayaqda güc məşqi etdikdən sonra ayaqlarını fərqli temperaturda suya salıblar: biri 8°C soyuq suya, digəri isə 30°C ilıq suya.

Nəticələr göstərib ki, soyuq suya salınmış ayaqlarda qan dövranı təxminən 60% azalıb. Bu isə əzələlərə oksigen və zülal kimi qidaların çatdırılmasını zəiflədir. Üstəlik, həmin əzələlər zülaldan 30% az istifadə edib – bu da bərpa və əzələ böyüməsi üçün mənfi təsirdir.

Alimlər bildiriblər ki, soyuq su müvəqqəti rahatlıq versə də, uzunmüddətli əzələ inkişafını ləngidə bilər. Əzələ ağrısı bədənin bərpa prosesinin bir hissəsidir və bu prosesi süni şəkildə zəiflətmək əks nəticə verə bilər.

Qiymət Mahir

tag: Buz,Soyuq,Buz vannası,Duş,todaypress.tv,