Qanvermədən sonra qolda ağrı və göyərmə niyə yaranır?
Sağlamlıq
29.10.2025 16:44
Sosial mediada ötən həftə keçirilən qanvermə aksiyasında iştirak edən bəzi şəxslər qollarında göyərmə və ağrı ilə bağlı şikayət ediblər.
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, bu cür hallar insan orqanizminin fərdi xüsusiyyətləri ilə bağlı ola bilər və adətən ciddi narahatlığa səbəb deyil:
"Bu, insan bədənidir. Bəzən adi bir inyeksiya zamanı da göyərmə və ağrı ola bilər. Bu, xüsusi hal sayılmır və orqanizmin fərdi reaksiyası ilə bağlıdır. Belə hallar kütləvi xarakter daşıyarsa, o zaman məsələ daha dərindən araşdırılmalıdır. Əgər bu hallar çoxsaylı insanlarda eyni vaxtda müşahidə olunsaydı, onda istifadə olunan iynələrdə, dərman vasitəsində və ya tətbiq zamanı laqeydlikdə problem axtarmaq olardı. Amma tək-tək hallarda bu, daha çox şəxsin öz bədən xüsusiyyətindən qaynaqlanır".
Dosent əlavə edib ki, qanvermə və inyeksiya prosedurlarını əsasən tibb bacıları və feldşerlər həyata keçirir:
"Bu proseslərdə həkimlər yox, tibb bacıları və feldşerlər inyeksiyaları yerinə yetirirlər. Ona görə də belə halların az sayda baş verməsi narahatlıq doğurmur", - deyə Aydın Əliyev bildirib.
Qeyd edək ki, ölkəmizdə mütəmadi olaraq qanvermə aksiyası keçirilir.
Türkan İsgəndərli
tag: Aydın Əliyev,Dosent,Qanvermə,Göyərmə,Ağrı,Todaypress.tv,
