2-ci tip diabetin müalicəsi ilə bağlı yeni araşdırma aparıldı
ABŞ-nin Vaşinqton Universitetindən olan tədqiqatçılar 2-ci tip diabetin səbəbləri ilə bağlı mövcud elmi yanaşmanın dəyişdirilməli olduğunu bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Journal of Clinical Investigation" jurnalında məlumat dərc olunub.
Yeni araşdırmalara görə, qan şəkərinin normallaşdırılması üçün əsas diqqət çəkiyə və insulin həssaslığına deyil, beyindəki hiperaktiv neyronlara yönəldilməlidir.
Söhbət hipotalamusda yerləşən "AgRP" neyronlarından gedir. Daha əvvəlki təcrübələrdə bu neyronların aktivliyinin diabetli siçanlarda yüksəldiyi müşahidə olunmuşdu. Alimlər virus mənşəli gen vasitəsilə bu neyronların siqnal ötürməsini bloklayaraq onları “söndürməyi” bacarıblar və nəticədə siçanlarda iştaha və çəkiyə təsir etmədən qan şəkəri səviyyəsində uzunmüddətli sabitlik əldə olunub.
Bu nəticələrə əsasən, alimlər hesab edirlər ki, indiyə qədər qəbul olunan fikir, yəni diabetin əsas səbəbinin piylənmə və insulinə qarşı müqavimət olması tam həqiqəti əks etdirməyə bilər. Yeni yanaşmaya görə, beyin və xüsusilə AgRP neyronları bu xəstəliyin yaranmasında daha mühüm rol oynayır.
Tədqiqat müəllifləri qeyd edirlər ki, Ozempic kimi yeni nəsil diabet dərmanları da məhz bu neyronlara təsir edir. Lakin bu təsir mexanizmi hələ də tam öyrənilməyib. Alimlərin növbəti məqsədi bu neyronların niyə hiperaktiv hala gəldiyini və bu prosesin idarə olunub-olunmayacağını müəyyən etməkdir. Əgər bu neyronları “sakitləşdirməyin” yolu tapılarsa, bu, 2-ci tip diabetin müalicəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.
Digər tərəfdən, 2025-ci ilin aprel ayında Fransanın Sorbonna Universitetinin alimləri 100 min nəfər üzərində apardıqları araşdırmada göstəriblər ki, süni qida əlavələrinin müntəzəm istifadəsi 2-ci tip diabetin yaranma riskini artırır. Xüsusilə süni şirinləşdiricilər, rəngləndiricilər və emulqatorlar, yəni yüksək dərəcədə emal olunmuş məhsullarda geniş istifadə olunan maddələr daha təhlükəli hesab edilib.
Töhfə Səməd
tag: ABŞ,Vaşinqton,Universitet,Diabet,todaypress.tv,