İnfarkt və insult zamanı kömək edən mobil tətbiq yaradıldı
Beynəlxalq tədqiqatçılar komandası insult və infarktın erkən əlamətlərini vaxtında aşkar etməyə kömək edən və təcili tibbi yardım çağırışı üçün tövsiyələr verən "İnfarkt və İnsult üçün Təcili Zəng" (ECHAS) adlı mobil tətbiq hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Virciniya Universiteti Səhiyyə Sistemi məlumat yayıb.
Tətbiqin əsas məqsədi xəstəliyin erkən mərhələsində, simptomların başlanmasından sonrakı ilk 60 dəqiqə ərzində, yəni tibbdə "qızıl saat" adlandırılan dövrdə düzgün və sürətli tibbi qərar verməyə kömək etməkdir. Çünki bu zaman dilimi düzgün müalicə üçün həlledici hesab olunur. Lakin bir çox insan bu cür hallarda təcili yardım çağırıb-çağırmamaqda tərəddüd edir və bu da faciəvi nəticələrə səbəb ola bilir.
ECHAS tətbiqi istifadəçiyə həkimlərin adətən təcili yardım zamanı verdiyi sualları ünvanlayır və insultun əsas əlamətlərindən biri olan bədənin bir tərəfində zəifliyi aşkar etməyə kömək edən sadə bir barmaq vurma testi təqdim edir. İstifadəçinin cavablarına əsaslanaraq, tətbiq risk səviyyəsini qiymətləndirir. Daha sonra isə təcili yardım çağırmaq, tibbi yardım xəttinə zəng etmək və ya həkimə müraciət etməklə bağlı tövsiyə verir.
Təcili yardım şöbəsinə müraciət edən 200-dən çox pasiyentin iştirakı ilə aparılan ilk klinik tədqiqatda ECHAS tətbiqi tibbi müdaxiləyə ehtiyacı olan halların aşkarlanmasında yüksək dəqiqlik nümayiş etdirib. Tətbiq xüsusilə insult və infarkt simptomlarını müəyyən etməkdə həssaslığı ilə seçilib və istifadədə rahatlığına görə yüksək qiymət alıb. Bu da onu tibbi təhsili olmayan insanlar üçün potensial faydalı alətə çevirir.
Araşdırma zamanı məlum olub ki, tətbiq hospitalizasiyaya ehtiyacı olan bütün pasiyentləri düzgün şəkildə tanıyıb. İnsultun aşkarlanması orta hesabla iki dəqiqədən az, infarktın müəyyənləşdirilməsi isə cəmi bir dəqiqə çəkib.
Hazırda tətbiq geniş ictimaiyyət üçün əlçatan deyil. Lakin tərtibatçılar daha böyükmiqyaslı klinik sınaqlar keçirməyi planlaşdırırlar.
Töhfə Səməd
tag: ECHAS,İnfarkt ,İnsult ,Təcili Zəng,todaypress.tv,