Xroniki bel ağrısının yeni səbəbi aşkar edildi

Sağlamlıq

02.04.2026 18:30

Xroniki bel ağrısı onurğanın zədələnmiş sahələrinə doğru genişlənən sinir liflərinin artması nəticəsində yaranır.

TodayPress TV   "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti Tibb Məktəbinin tədqiqatçıları bildirib. 

Araşdırmanın nəticələri "Bone Research" jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, onurğa degenerasiyası zamanı sinir ucları adətən rast gəlinməyən nahiyələrə — fəqərəarası disklərə və fəqərələrin birləşmə hissəsindəki toxumalara nüfuz edə bilər. Bu cür sinir “işğalı” xroniki ağrı ilə əlaqələndirilir.

Alimlər müəyyən ediblər ki, bu prosesə sümük əmələ gəlməsində iştirak edən müəyyən bir hormon təsir göstərə bilər. Həmin hormonun təsiri altında sümük hüceyrələri — osteoblastlar — sinir lifləri üçün siqnal rolunu oynayan və onların zədələnmiş sahələrə doğru həddindən artıq böyüməsinin qarşısını alan Slit3 zülalını aktiv şəkildə istehsal etməyə başlayır. Nəticədə sinir ucları tədricən geriyə “itələnir” və toxumanın strukturu bərpa olunur.

Təcrübələrdə tətbiq edilən müalicə cəmi bir neçə həftə ərzində nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Siçanlarda onurğa uclarının — disklər və sümük toxuması arasındakı nazik qatların — strukturu yaxşılaşıb, məsaməlilik azalıb, sinir nüfuzu və iltihab zəifləyib.

Davranış testləri də ağrının azalmasını təsdiqləyib: heyvanlarda təzyiqə dözümlülük artıb, istilik stimuluna reaksiya yavaşlayıb və fiziki aktivlik yüksəlib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr yalnız heyvanlar üzərində əldə edilib və bu mexanizmin insanlarda eyni şəkildə işləyib-işləmədiyi hələlik məlum deyil. Bununla belə, araşdırma dünyada əlilliyin əsas səbəblərindən biri olan xroniki bel ağrısı üçün yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.

Jalə Rövşən 

TodayPress TV

tag: Xroniki bel ağrısı, Sinir lifləri,Osteoblastlar,Toxuma ,Todaypress.tv,