15 saniyədə ürək xəstəliklərini aşkarlayan cihaz ixtira olundu

Sağlamlıq

02.09.2025 11:42

200 ildən çoxdur ki, tibbdə istifadə olunan stetoskop, süni intellektin köməyi ilə ürək çatışmazlığını, qapaq xəstəliklərini, o cümlədən atrial fibrilasiyanı 15 saniyə  ərzində müəyyən edir.   

TodayPress TV xəbər verir ki, bu cihaz İngiltərədə “Imperial College London” və “Imperial College Healthcare NHS Trust” tərəfindən hazırlanıb. 

Cihaz kart qalınlığında olub, ürəyin elektrik siqnallarını və qan axınının səsini qeydə alır. Toplanan məlumat təhlükəsiz şəkildə buluda ötürülür və süni intellekt alqoritmləri tərəfindən təhlil olunur. Nəticələr saniyələr içində həkimin mobil telefonuna göndərilir. 

İngiltərə üzrə 200 ailə həkimi klinikasında 12 min xəstə üzərində aparılan sınaqlarda cihaz yüksək dəqiqlik göstərib.  

Avropa Kardiologiya Cəmiyyətinin Madrid konqresində açıqlanan nəticələrə görə, ürək çatışmazlığı diaqnozu qoyulma ehtimalı iki dəfə artıb, qapaq xəstəliklərinin aşkarlanması demək olar ki, ikiqat yüksəlib, atrial fibrilasiya aşkarlanma ehtimalı üç dəfə çoxalıb. 

Mütəxəssislər hesab edir ki, cihaz ürək xəstəliklərinin erkən aşkarlanmasında mühüm rol oynayacaq. Çünki bir çox ürək çatışmazlığı halları yalnız xəstə ağır vəziyyətdə xəstəxanaya müraciət etdikdə üzə çıxır. 

Aysel Mətləb

TodayPress TV

tag: Ürək,Cihaz,Süni,İntellekt,Todaypress.tv,