Yaşa bağlı DNT zədələnməsi bərpa oluna bilər
Sağlamlıq
19.06.2025 18:30
Avstraliyanın Makkuori Universitetinin alimləri müəyyən ediblər ki, PDI (disulfid izomeraza) adlı zülal zədələnmiş DNT-nin bərpasında mühüm rol oynaya bilər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Aging Cell" elmi jurnalında dərc olunub.
Məlum olub ki, adətən hüceyrənin yarımmaye mühiti olan sitoplazmada fəaliyyət göstərən PDI zülalı digər zülalların düzgün qatlanmasına kömək etməklə yanaşı, hüceyrə nüvəsinə – DNT-nin yerləşdiyi məkana daxil olaraq onun bərpasında da iştirak edə bilir.
Tədqiqat müəlliflərindən biri, neyrobioloq Sina Şadfar bildirib ki, yaş artdıqca neyronlarda xırda DNT zədələnmələri yığılır və onların aradan qaldırılması mexanizmləri zəifləyir. Bu isə beyni daha həssas və zədələnməyə meylli edir.
Alimlər həm insan, həm də siçan hüceyrələrindən PDI zülalını çıxardıqda, həmin hüceyrələrin DNT-ni bərpa etmək qabiliyyətini itirdiyi müşahidə olunub. Zülal yenidən hüceyrəyə yeridildikdə isə bərpa prosesi bərpa olunub. Bu təsir zebra balığı üzərində də təsdiqlənib – PDI-nin aktivləşdirilməsi onların DNT-sini zədələnmədən qoruyub.
Hazırda tədqiqat qrupu PDI-nin beyin toxumasının konkret hissələrində aktivləşdirilməsi üçün "mRNT"yə əsaslanan gen terapiyasını inkişaf etdirir. Alimlərin fikrincə, bu texnologiya yaşlanmanın qarşısının alınması və beyin xəstəliklərinin müalicəsi sahəsində yeni yanaşmalara yol aça bilər.
Töhfə Səməd
tag: PDI ,DNT,Tədqiqat,