Qorbaçov və Reyqanın görüşdüyü tarixi villa satıldı

Maraqlı

01.05.2026 05:00

Londonun "Graff" şirkətinin sahibləri olan ailəyə yaxın struktur İsveçrənin Versua şəhərində yerləşən "Fleur d'Eau" villasını satın alıb.

TodayPress TV bildirir ki, bu barədə İsveçrənin "Immobilier.ch." saytı xəbər yayıb.

Tarixi mülk 12,3 milyon İsveçrə frankına satılıb. Bu rəqəm 23 milyon franklıq ilkin qiymətləndirmə dəyərindən demək olar ki, iki dəfə aşağıdır.

Yayımlanan məlumata əsasən, obyekti Lüksemburqda qeydiyyatdan keçmiş "Château Versoix Sàrl" şirkəti alıb. Portalın bildirdiyinə görə, həmin şirkət "Graff"ın baş direktoru, şirkətin banisi Lourens Qraffın oğlu Fransua Qraffa məxsus Cenevrə strukturu tərəfindən idarə olunur.

Satıcı qismində Montevideoda yerləşən və ərzaq ticarəti ilə məşğul olan "Alimenta Internacional" şirkəti çıxış edib. Sözügedən şirkət mülkə 1996-cı ildən sahib idi və həmin vaxt binanı 2,375 milyon franka almışdı.

Alışdan sonra villa təmir edilərək ofis kimi fəaliyyət göstərməsi üçün yenidən qurulmuşdu. Şirkət son illərdə əmlakı satmağa cəhd etsə də, əvvəlki sövdələşmələr baş tutmamışdı.

Cenevrə gölünə çıxışı olan tarixi bina təxminən 12 min kvadratmetrlik ərazidə yerləşir. Əsas evin sahəsi təqribən 1 min kvadratmetr təşkil edir. Binanın üç mərtəbəsində yataq otağı və ya iş kabineti kimi istifadə oluna bilən 12-yə yaxın otaq, həmçinin beş qonaq və ya konfrans zalı mövcuddur.

Xatırladaq ki, 1985-ci il noyabrın 19-21-də Cenevrədə Qorbaçov və Reyqan arasında görüş keçirilib. Bu görüşdən sonra tərəflər nüvə müharibəsinin yolverilməz olduğunu və belə müharibədə qalibin olmayacağını qəbul etmişdilər.

TodayPress TV

tag: Mixail Qorbaçov,Ronald Reyqan,Villa,Cenevrə ,Todaypress.tv,