Qolfstrimin çökməsi iqlim fəlakətinə səbəb ola bilər

Maraqlı

10.04.2026 18:15

Qolfstrim axınının çökməsi qlobal iqlim üçün ciddi nəticələr doğura bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Potsdam İqlim Tədqiqatları İnstitutu alimləri məlumat veriblər.

Kompüter modelləşdirmələrinə əsasən, bu axının zəifləməsi və ya dayanması dərin okeanlarda saxlanılan böyük miqdarda karbonun sərbəst buraxılmasına səbəb olacaq. Bu isə qlobal istiləşməyə əlavə olaraq təxminən 0,2°C artım gətirə bilər.

Tədqiqatın həmmüəllifi Matteo Villeit izah edib ki, bu proses karbonla zəngin dərin suların səthə qalxmasına səbəb olan qarışmanın artması ilə bağlıdır. Xüsusilə Cənubi Okean bölgəsindən böyük həcmdə karbonun atmosferə buraxılması gözlənilir.

Alimlər qeyd edirlər ki, bu dəyişikliklərin təsiri planet üzrə bərabər olmayacaq. Şimal yarımkürəsində temperaturun kəskin azalması, Cənub yarımkürəsində isə artması proqnozlaşdırılır. Antarktida ərazisində isə temperaturun hər iki istiqamətdə 7 dərəcə Selsiyə qədər dəyişə biləcəyi bildirilir.

Qeyd edək ki, Qolfstrimin çökməsi dedikdə Atlantik okeanındakı isti okean axınının zəifləməsi və ya tam dayanması nəzərdə tutulur. Bu axın tropik zonalardan isti suyu Şimali Atlantikə, xüsusilə də Avropa istiqamətinə daşıyır və iqlimi yumşaldır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qolfstrim,Qlobal,İqlim,Çökmə,Todaypress.tv,