İnsanlar ölümə yaxın nə görür? - ARAŞDIRMA

Maraqlı

17.04.2026 19:45

İtaliyada aparılan yeni bir araşdırma insanların ölümə qısa müddət qalmış gördükləri yuxular haqqında maraqlı nəticələr ortaya qoyub.

TodayPress TV xəbər verir ki, Reggio Emilia şəhərində fəaliyyət göstərən tədqiqatçılar 200-dən çox palliativ yardım mütəxəssisi həkim və psixoloq arasında sorğu keçiriblər.

Sorğunun nəticələrinə görə, ölümə yaxın olan insanların yuxularında müəyyən oxşarlıqlar müşahidə olunur. Respondentlərin demək olar ki, hamısı xəstələrin yuxuda mərhum qohumları ilə görüşdüyünü bildirib. Bəzi xəstələr onları gözləyən yaxınlarını gördüklərini deyiblər.

Araşdırmada digər yayılmış motivlər də qeyd olunub. Xəstələr tez-tez işıqla dolu qapılar, sonsuz pilləkənlər və ya okean sahilində ağ atlar kimi keçid rəmzləri gördüklərini bildiriblər.

Bununla yanaşı, bəzi insanlar qorxulu yuxular da görür. Məsələn, analarının üzünə bənzər varlıqların onları uçuruma apardığını deyənlər olub. Mütəxəssislər bu cür yuxuların daxili narahatlıq və ya ölüm gerçəyini qəbul etməkdə çətinliklə bağlı ola biləcəyini düşünürlər.

Tədqiqatçılar hesab edir ki, bu yuxuların müzakirəsi xəstələrə hisslərini daha rahat ifadə etməyə kömək edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İnsan,Ölüm,Yuxu,Araşdırma,Todaypress.tv,