İnsan ömrü genetikadan asılıdır - ARAŞDIRMA

Maraqlı

14.04.2026 19:00

Veyzman Elm İnstitutu tədqiqatçıları insan ömrünün genetik amillərlə əlaqəsinin əvvəl düşünüləndən daha güclü ola biləcəyini açıqlayıblar.

TodayPress TV xəbər verir ki, araşdırma "Science" jurnalında dərc olunub.

Əvvəllər alimlər hesab edirdi ki, irsiyyət ömür uzunluğundakı fərqlərin təxminən 20-25%-ni izah edir. Bəzi tədqiqatlar isə bu göstəricini 10%-dən də aşağı qiymətləndirirdi. Yeni araşdırma isə bu payın təxminən 50%-ə çata biləcəyini göstərib.

Tədqiqat professor Uri Alon laboratoriyasında, Ben Şenhar rəhbərliyi ilə aparılıb. Alimlər əvvəlki nəticələrin niyə fərqli olduğunu araşdırmaq üçün İsveç və Danimarkadan olan əkizlərin məlumatlarını təhlil ediblər.

Araşdırmada ilk dəfə müxtəlif mühitlərdə böyüyən əkizlər də nəzərə alınıb. Bu yanaşma genetik və ətraf mühit təsirlərini daha dəqiq ayırmağa imkan verib. Məlum olub ki, əvvəlki tədqiqatlarda qəza, infeksiya kimi “xarici” ölüm səbəbləri nəzərə alınmadığı üçün genetikanın rolu az qiymətləndirilib.

Bu problemi aradan qaldırmaq üçün alimlər yeni riyazi model hazırlayıb və “virtual əkizlər” üzərində kompüter simulyasiyaları aparıblar. Bu üsul bioloji yaşlanma ilə bağlı ölüm hallarını digər səbəblərdən ayırmağa imkan verib.

Nəticələr göstərib ki, genetik təsir xüsusilə bəzi xəstəliklərdə daha güclüdür. Məsələn, 80 yaşdan əvvəl demensiyadan ölüm riskinin təxminən 70%-i irsi ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr qocalmanın öyrənilməsinə yanaşmanı dəyişə və ömür uzunluğuna təsir edən genlərin daha aktiv araşdırılmasına səbəb ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İnsan,Ömür,Genetika,İrs,Todaypress.tv,