Ayda nəhəng krater aşkar edildi
Maraqlı
14.04.2026 18:30
Alimlər Ay səthində nadir hadisəni qeydə alıblar. Belə ki, kosmik cismin zərbəsi nəticəsində diametri 225 metr olan böyük krater yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Universe Today" məlumat yayıb.
Bildirilir ki, Ayın səthi milyardlarla il ərzində müxtəlif səma cisimlərinin zərbələrinə məruz qalıb. Yer planetindən fərqli olaraq, Ayda atmosfer, su və külək olmadığı üçün bu izlər demək olar ki, dəyişməz qalır.
Son hadisə alimlər üçün xüsusi əhəmiyyət daşıyır. Ay Kəşfiyyat Orbiteri zərbədən əvvəl və sonra çəkilmiş şəkilləri müqayisə etməyə imkan verib və kraterin formalaşması detallı şəkildə öyrənilib.
Məlumata görə, yeni krater əvvəl qeydə alınmış oxşar kraterlərdən üç dəfədən çox böyükdür. Alimlər hesab edir ki, belə zərbələr eyni ərazidə təxminən 139 ildən bir baş verir.
Kraterin dərinliyi təxminən 43 metrdir. Ətraf əraziyə böyük qaya parçaları səpələnib və onların bəzisinin diametri 13 metrə çatır. Araşdırmalar göstərir ki, kosmik cisim cənub-cənub-qərb istiqamətindən gəlib və qalıqlar əsasən şimala yayılıb.
Krater daxilində aşkar edilən tünd sahələrin isə zərbə zamanı əriyib sonradan sürətlə bərkiyən qayalardan əmələ gəldiyi ehtimal olunur.
Türkan İsgəndərli
tag: Ay,Krater,Kosmik,Planet,Todaypress.tv,
