Somalidən ət idxalı: Qiymətlər dəyişəcək?
İqtisadiyyat
22.12.2025 14:17
Son günlər sosial şəbəkələrdə və mətbuatda Somalidən Azərbaycana ət idxalı ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub.
Bəs bu qiymətə təsir edə bilərmi?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkı mərhələdə Somalidən idxal olunan ətin həcmi çox azdır və bazarda qiymətlərə ciddi təsir göstərməsi real görünmür.

Onun sözlərinə görə, idxal olunan ətin ümumi dəyəri cəmi 500 min dollar civarındadır ki, bu da ölkə bazarı üçün olduqca kiçik həcmdir:
"Hələlik idxalın həcmi çox azdır. Cəmi 500 min dollarlıq ət idxal olunub. Bu qədər kiçik həcmdə idxalın bazara hansısa formada təsir edəcəyini düşünmürəm".
İqtisadçı vurğulayıb ki, hər hansı idxalın bazar qiymətlərinə təsir göstərməsi üçün əsas şərt onun həçminin böyük olmasıdır. Hazırkı vəziyyətdə isə Somalidən gətirilən ət bu kriteriyaya cavab vermir:
"Söhbət qiymətə təsirdən gedirsə, bu yalnız idxalın həcmi artacağı halda mümkün ola bilər. Hazırda bu, sadəcə statistik göstəricidir". İqtisadçı əvvəlki illərdə Monqolustandan ət idxalını da xatırladaraq qeyd edib ki, xaricdən gətirilən ət müəyyən seqmentdə qiymətə təsir etsə də, yerli bazarı köklü şəkildə dəyişmir: "Monqolustandan gələn ət qoyun ətinin qiymətinə müəyyən qədər təsir etdi, yəni idxal olunan ətin qiyməti düşdü. Amma yerli ətin qiymətinə ciddi təsir göstərmədi".
Natiq Cəfərli hesab edir ki, qiymət məsələsində təkcə idxal həcmi deyil, istehlakçı davranışı da mühüm rol oynayır:
"İnsanların ağız dadı, alışqanlıqları var. Yerli istehlakçılar hələ ki xaricdən gələn ətə tam öyrəşməyiblər. Bu da yerli ətə olan tələbatın qalmasına səbəb olur", - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Ət,Qiymət,Todaypress.tv,
