İqtisadçıdan metro ilə bağlı təklif: "İş saatları uzadılsın"
İqtisadiyyat
24.12.2025 15:25
"Ölkəmizin dünyaya inteqrasiyası, ilbəil turist axınının artması fonunda vaqon parkının yenilənməsi və infrastrukturun təkmilləşdirilməsi başadüşüləndir. Lakin vətəndaşı maraqlandıran əsas məsələ qurumun ili mənfəət və ya zərərlə başa vurmasından çox, yenidən qiymət artımının olub-olmayacağıdır. Sıravi istifadəçi üçün yeni avadanlığın alınması və maliyyə balansı ikinci plandadır".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.

Onun sözlərinə görə, hər bir sahədə diferensiallaşdırma anlayışla qarşılanır, lakin istifadəçi bunun real nəticəsini görmək istəyir:
"Qiymət artdığı halda sıxlıq problemi aradan qaldırılmırsa, həssas qruplar üçün güzəştlər tətbiq edilmirsə, gündəlik olaraq metrodan intensiv istifadə edənlər nəzərə alınmırsa və bir sıra qəsəbə ilə şəhərətrafı ərazilərdə hələ də metro problemi qalırsa, bu, ciddi suallar yaradır".
İqtisadçı təklif edir ki, metronın iş saatları uzadılsın:
"Çünki gecə növbəsində çalışanlar, eləcə də gündə 10 manat əməkhaqqı ilə restoran və kafelərdə ofisiant, qabyuyan kimi işləyən şəxslər var. Qazandıqlarını taksiyə xərclədikdən sonra işləməyin mənası sual altına düşür.
Əslində digər nəqliyyat vasitələrinin deyil, məhz metronun xidmət keyfiyyəti vətəndaşı məmnun edəcək səviyyəyə çatarsa, gediş haqqının artırılmasının tərəfdarı olmaq olar. Bu, tıxacların azalmasına, işsizliyin aşağı düşməsinə, gecə növbəsində çalışanların əmək qabiliyyətinin artmasına müsbət təsir göstərə bilər".
Günay Hüseynova qeyd edib ki, qiymət artımı ilə yanaşı dövlət dotasiyası alınırsa, müəssisə zərərlə işləyirsə və vətəndaş məmnuniyyətsizliyi davam edirsə, bu halda özəlləşdirmə məsələsi daha məqsədəuyğun görünür.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Metro,Təklif,Todaypress.tv,
